Xəbər verdiyimiz kimi, avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində “Şərq təranələri” IX Beynəlxalq Musiqi Festivalı keçirilib. İki ildən bir gerçəkləşən festivalda bu dəfə 52 ölkə təmsil olunub. Festivalda Azərbaycanı tanınmış xanəndə Elnarə Abdullayevanın rəhbərliyi ilə “Şirvan” muğam qrupu təmsil edib.
Festivalın baş mükafatına (Qran-pri) Hindistandan Raşmiya Aqarvalın rəhbərlik etdiyi folklor qrupu layiq görülüb. Birinci mükafatı Əfqanıstan və Burkina-Faso, ikinci mükafatı Koreya Respublikası, Britaniya və Çin təmsilçiləri qazanıb. Üçüncü mükafat Özbəkistan, Yaponiya və Avstriya ifaçılarına verilib. Bundan əlavə, bir sıra iştirakçılar müxtəlif mükafatlarla təltif olunublar.
Xatırladaq ki, 1997-ci ildə keçirilən ilk festivalda ölkəmizi təmsil edən Simarə İmanova ən yüksək mükafata - Qran priyə layiq görülüb, sonrakı illərdə Alim Qasımov (2001), Aygün Bəylər (2005), Qoçaq Əsgərov (2009) birinci, Zabit Nəbizadə (2003) ikinci yeri tutub.