2014-cü ildə "Eurovision" beynəlxalq mahnı müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq. Yarışmanın keçiriləcəyi məkan sentyabrın 2-də Danimarka Televiziya və Radio Şirkətlər Birliyi tərəfindən açıqlanıb. Müsabiqənin keçirilməsi ilə bağlı bir neçə şəhər namizəd olsa da, sonda bu şəhərin üzərində dayanılıb.
Müsabiqənin icraçı rəhbəri Yan Ola Sand deyib ki, Kopenhagenin gələn il müsabiqəyə ev sahibliyi etməsi sevindirici haldır, çünki şəhər Avropada turistlərin ən çox maraq göstərdiyi şəhərlər arasındadır: "Seçim Avropa Yayımları Birliyinin də ürəyincə olub. May ayında baş tutacaq yarımfinal və final şouları "B&W Hallerne" adlanan məkanda gerçəkləşəcək".
"Eurovision-2014"ün yarımfinalları mayın 6-da və 8-də, final isə 10-da keçiriləcək. Müsabiqənin şüarı "Bizə qoşulun!" olacaq.
Qeyd edək ki, Kopenhagen artıq iki dəfə - 1964 və 2001-ci illərdə bu yarışmaya ev sahibliyi edib.