Sentyabrın 1-də ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın dövlət müstəqilliyinin əldə etməsinin 22-ci ildönümünə həsr olunmuş bayram şənliyi keçirilib.
   
   Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, diaspor təşkilatlarımızın nümayəndələri, Özbəkistan Qadınlar Şurasının və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş özbək xalqını, Özbəkistan vətəndaşları olan azərbaycanlıları bayram münasibətilə təbrik edib. O, ölkəmizlə gözəl münasibətlərə malik, ortaq mədəniyyətə, dilə, eyni dinə mənsub olan özbək xalqının uğurlarına Azərbaycan xalqının hər zaman şərik olduğunu bildirib və qardaş dövlətin müstəqilliyinin əbədi olmasını arzulayıb.
   Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və Azərbaycan diaspor təşkilatının rəhbəri Mobil Məmmədov belə mədəniyyət tədbirlərinin Daşkənddə və Bakıda tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
   Sonra “Şərq təranələri” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Özbəkistanda səfərdə olan Azərbaycanın tanınmış müğənnisi Elnarə Abdullayevanın “Şirvan” qrupunun müşayiəti ilə muğam və xalq mahnılarımızı ifa edib. İfaçılarımız alqışlarla qarşılanıblar. Özbəkistanın “Nixol” mükafatı laureatı, populyar müğənni İsrail Saidumarov, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində yaradılan “Azərbaycan qızları” rəqs ansamblı və “Azərbaycanım” musiqi qrupunun ifaları da iştirakçılara xoş anlar yaşadıb.