Xəbər verdiyimiz kimi, bu ilin oktyabrında Bakıda “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin iştirakı ilə V Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Festivalda 11 ölkə - Azərbaycan, Türkiyə, Əfqanıstan, Misir, İran, Hindistan, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkmənistan təmsil olunacaq. İran və Əfqanıstan bu yaradıcılıq müsabiqəsində ilk dəfə iştirak edəcək.
Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək tədbirə qatılacaq 16 yaşınadək ifaçıların çıxışlarını beynəlmiləl tərkibli münsiflər heyəti dəyərləndirəcək.
Hazırda Azərbaycan üzrə son seçim turlarının hazırlıq işləri yekunlaşmaq üzrədir. Bakı-Sumqayıt və Abşeron rayonu üzrə təşkil olunacaq bu seçimlərdən sonra Azərbaycandan müsabiqəyə qatılacaq heyət müəyyənləşəcək.
Ötən festivalların üzə çıxardığı istedadlar digər müsabiqələrdə də bu nailiyyətləri təkrarlayıblar. 4-cü festivalın finalçıları arasında Uşaq İncəsənət Gimnaziyasının şagirdi 12 yaşlı Ayxan Bünyadzadənin uğurlu çıxışı hamını heyran etmişdi. Balaca xanəndə “Mirzə Hüseyn segahı”nı tam dəsgah şəklində peşəkarcasına ifa etməklə, 1-ci yerə layiq görülmüşdü. 2013-cü il iyunun 7-də Türkiyədə keçirilən beynəlxalq Türk Dili Olimpiadasının mahnı finalında Ayxan Bünyadzadə 2-ci yerə layiq görülərək, gümüş medalla təltif olundu. Ötənilki müsabiqənin daha bir qalibi, Qran-pri mükafatçısı Mirpaşa Şükürov hazırda IV Televiziya Muğam Müsabiqəsində uğurla mərhələlər aşmaqdadır.
Güman edirik ki, V Beynəlxalq Uşaq Muğam Festivalı belə istedadlı gəncləri üzrə çıxaracaq.