Üzeyir Hacıbəylinin doğum günündə növbəti beynəlxalq musiqi festivalına start verilir
   
   18 sentyabr dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın, ilk musiqili komediyanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür.
   
   Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə hər il bu gün milli musiqimizin böyük bayramı - "Üzeyir Musiqi Günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər təşkil edilir, böyük dühanın xatirəsi dərin ehtiramla yad olunur.
   2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sənət dünyasında böyük əks-səda doğurub.
   Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixində gerçəkləşəcək V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da müxtəlif ölkələrdən kollektiv və solistləri, tanınmış musiqiçiləri bir araya gətirəcək.
   Milli musiqi bayramı ilə əlaqədar sentyabrın 18-də Fəxri xiyabanda Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunacaq. Sonra tədbir iştirakçıları Milli İncəsənət Muzeyinin bağında "Güllələnmiş heykəllər"i - vaxtilə Şuşada ucaldılmış və şəhər işğal olunandan sonra erməni vandalizminə tuş gəlmiş Üzeyir bəyin, Natəvanın və Bülbülün büstlərini ziyarət edəcəklər.
   “Üzeyir Musiqi Günü”nə həsr olunmuş tədbir Bakı Musiqi Akademiyasının qarşısında, dahi bəstəkarın abidəsi önündə mərasimlə davam edəcək. Konsert proqramında Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestri çıxış edəcək.
   Həmin gün Üzeyir Hacıbəylinin ev-muzeyində “Azərbaycan musiqisinin bayramı” mövzusunda tədbir keçiriləcək. Tədbirdə "Buta" kamera xoru (bədii rəhbər Elnarə Kərimova), incəsənət ustaları çıxış edəcək.
   Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı keçiriləcək. Mərasimdə dahi bəstəkarın 100 yaşlı "Arşın mal alan" musiqili komediyası nümayiş olunacaq. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir. Solistlər Şahlar Quliyev, Fərid Əliyev, Afaq Abbasova, Fidan Hacıyeva, Gülyaz Məmmədova, Ələkbər Əliyev, Telman Əliyevdir.
   
   * * *
   V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında “Türk xalqlarının musiqisi” mövzusunda elmi konfrans və kamera konserti keçiriləcək. Konfransda Gülnaz Abdullazadə, Lalə Hüseynova, Xatirə Həsənzadə, Gülnar Qasımovanın məruzələri dinləniləcək. Kamera konsertində Özkan Manav (Türkiyə), Artık Toksanbayev (Qazaxıstan), Rəşid Kalimulin (Tatarıstan), Rüstəm Abdullayev (Özbəkistan), Azərbaycan bəstəkarlarından Şəfiqə Axundova, Dadaş Dadaşov, Sərdar Fərəcov və Aliyə Məmmədovanın əsərləri səslənəcək.
   
   * * *
   Qeyd edək ki, sentyabrın 28-dək davam edəcək festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse, Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcəklər.
   Festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də yer alacaq. Konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Buta” kamera xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə Xancalova və başqaları çıxış edəcək.
   Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılıb. Artıq üçüncü ildir ki, festival "Musiqi Olimpi" Fondu (Sankt-Peterburq) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrdən gənc beynəlxalq müsabiqə laureatları festivalda çıxış edirlər.
   Festival çərçivəsində musiqisevərlərə dahi italyan bəstəkarı Cüzeppe Verdinin "Aida" operası nümayiş olunacaq. Bəstəkarın 200 illiyi münasibətilə hazırlanan tamaşa GUAM ölkələri solistlərinin iştirakı ilə təqdim ediləcək.
   Opera və Balet Teatrının kollektivi festival günlərində tamaşaçıları italyan bəstəkarı Qaetano Donisettinin "Sevgi şərbəti" operasının premyerasına dəvət edəcək. Filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor P.Rundel və vokalçı B.Pinterin iştirakı ilə alman bəstəkarı Rixard Vaqnerin 200 illiyinə həsr olunmuş yubiley konserti olacaq.
   Üzeyir Hacıbəylinin ev-muzeyində "Üzeyir evinin qonaqları" layihəsi adlı silsilə konsertlərdə gənc musiqiçilər iştirak edəcək. Hər il olduğu kimi Ağcabədidəki Qarabağ Muğam Mərkəzində təşkil edilən festival tədbirində Şuşa Musiqili Dram Teatrının "Üzeyir Hacıbəyli. Musiqi və gülüş dünyası" adlı tamaşası təqdim olunacaq.