Ukraynanın Odessa şəhərində uşaq və gənclərin “Sozvezdiye” XII beynəlxalq festivalı keçirilib. Festivala 10 ölkədən 120 vokal ifaçısı qatılıb. Musiqi yarışmasında Bakıdakı G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin məzunu Aydan Rüstəmova da iştirak edib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildiriblər ki, IV kateqoriyada çıxış edən təmsilçimiz birinci yerə layiq görülüb. Almaniya, Çexiya, Rusiya, Amerika, Macarıstan və Ukraynadan olan münsiflər onun çıxışını xüsusi qeyd ediblər.
   Festivalın açılışında Aydan Rüstəmova Xalq artisti Polad Bülbüloğlunun “Doğma diyar” mahnısını Azərbaycan və rus dillərində oxuyub. Qala-konsertdə isə “Kambio Dolo” ispan mahnısını ifa edib.