Polifonik səs-avazlar bulağı, titanik səda və... ədalar bülbülü - Bülbül!
   
   Bu an hər biri bitkin bir əsər təsirli xalq mahnılarımızın birindən iki misranı xatırladım: “Bülbül, sənin işin qandı, Aşiqlər oduna yandı”...
   Başdan-başa minor notlu bu kəlmələr cəmiyyətdəki növbəti söz aşiqlərindən, eşq xəstəkarlarından (naməlum) birisinin haçansa təbiətdəki (məlum) səs-avaz bəstəkarına nəqli xitabıdır...
   
   İndi bəndəniz də - “Mədəniyyət” redaksiyasının bir üzvü olaraq - həmin xitab hədəfini təbiətdən cəmiyyətə transfer cəsarətində bulunaraq, o misraların məna-məzmununu da yeni redaksiyada ifadə edirəm: Bülbül, sənin səsin Şahdı, Milli cəh-cəh, bəh-bəh, ahdı!..
   Deməli;
   
   Cəmiyyət Bülbülü...
   
   Təbiətdəkilər güllü aləm üçün oxuyub, oxuyur, oxuyacaq, o isə küll-aləm üçün...
   Təbiətdəkilərin adı yalnız cümlənin əvvəlində gələndə böyük hərflə yazılır, cəmiyyətdəki bu ifa azmanının adı isə həmişə, hər yerdə, hər zaman.
   Bu “ad”, “zaman” sözləri məni “söz sözü çəkdi” deyiminə rəğmən, 116 il əvvələ çəkdi... O, anadan olduğu gün atasının nitqinə gələn ad: Murtuza. O atanın öz adı: Məşədi Rza. Və onların hamısının soyadı: Məmmədov. Tariximizin sükuti fonoteka dəryasına qərq olmuş (və bundan sonra da əbədi işlənəsi) milyonlarla ad-soyadlardan biri. Lakin... elə cavan-comrulca yaşında bütün isnad-nişançı adları əvəz edən Bülbül! Xalqımızın öz çağlar sənət dəryasından seçib-sonalayıb ad elədiyi sevgili bir isim.
   Bu ad bütöv bir obrazdır. Allı-güllü milli səs, sirli-sehrli nəfəs, xalqın verdiyi bu ada rəğmən dünyəvi “qəfəs” obrazı...
   
   www.Bülbülobraz(nöqtə yox, sual).az
   
   Əlbəttə, “bu nə yarımbaşlıqdır?” deyəsi oxucular haqlıdırlar. Amma mən də belə yazmaqda ona görə haqsız deyiləm ki, bir vaxtlar internetdə bəzi adi sənətbazlar haqda “cikindən-bikinə” tutumlu dosyelər verildiyi halda, bu qeyri-adi sənətkar-obraz barədə - lətifəsi bu lətif şəxsiyyətdən iraq - “üç badam, bir qoz” sanılı söz açılırdı. Həmin təqdimatın “epiloq”undakı “tezbazar”lıq, ortalığındakı qaçhaqaç dramatiklik bir yana, “proloq”undakı qrammatiklik məni daha çox məyus edirdi: “22 iyun 1897, Xanbağı, (Şuşa) - 26 sentyabr 1961, Bakı”. Əcəba, o vaxtlar hər gün, hər saat efir-ekranda Qarabağa dair “hələ də susurlar” deyə ərk-görk edib gileyləndiyimiz BMT-çilər, Minskçilər, AŞçılar - bütün yadelli siyasi başçılar bu bəşəri sənətkarın hər hansı bir ifasından feyzlənib, onun bioqrafiyası ilə də tanış olmaq istəsəydilər, nə görəcəkdilər? Onun yurdunun - Şuşanın öz qələmimizlə mötərizə işğalına da salınmasınımı? Nədən o “Qırxqız”, “Topxana”, “Meşəli”, “Cıdır düzü”, “Xankəndi” adlarının doğma, ekiz qardaşı olan “Xanbağı” kimi dadlı toponim haqda da bir qırnıq siyasi-etnik məlumat, bir abzaslıq ədəbi-publisistik təəssürat verilməməliymiş? Hələ bu gün də “Əməyi güllər açan Sərdarı, Bünyadı var” oxuduğumuz halda, niyə burada yazılmamalıymış ki, bu ilahi səsli dahi müğənnini əslən-nəslən qarabağlı bir ana anamız Qarabağın bir ocağından digərinə qonaq gedərkən məhz o Xanbağında - tələsdiyindən ayağı kəndirə düşən simsar faytonçunun “dəh-dəh!”ləri, gələcək rəqiblik “qorxusundan” səs-səsə vermiş bülbüllərin cəh-cəhləri altında doğmuşdur. Nə üçün onunla bağlı hər yazıda hər hansı bir ədəbi üslub-qurğu ilə vurğulanmasın ki, bu qədər sənət ağaları yetirən o torpaq, bəs nə əcəb, özlərini buranın kökən etnosu adlandıran o dığaların bircəciyinə belə bu sayaq sənət südü əmizdirməmiş olsun?..
   Bəli, mədəniyyətimizin bu ecazkar səs, avaz, poetik hənirti, folkloranə üyültü, professional nərilti, bəşəri dinlənti - bir sözlə, bütöv bir musiqistan obrazı hər yerdə, hər nüansda onun özünə layiq təqdim və təfsir edilməlidir.
   
   Xalqın artisti
   
   Bülbülün professor, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbimizin banisi olması faktları öz yerində, onun ifaçılıq taktları ayrıca bir institutdur. Onun oxuyacağı hər hansı bir mahnının, təsnifin, ariyanın ilk sözünə qədərki sədaları bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç dəqiqə çəkən bu şifahi (lentlərdə “yazılı” olsa da) əsərlərin ilk misrasına verdiyi xarakter “məqsədli aspirantura”dır. O əsərlərin son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr müdafiəyə ehtiyacı olmayan audio-vizual “dissertasiya”lardır.
   Bir kərə Bülbül haqda bir televiziya verilişinə hər “növ” səviyyə zümrələri, intellekt adamlarıyla birgə baxırdım. Bu böyük mərasim sahibinin özü də böyük adam idi, qonaqlıq təşkil etdiyi otağı və televizor cihazı da.
   Bu böyük, geniş otaq-salonda böyüklərin bir qulağı və bir gözü ekranda olsa da, öz aləmlərində, balaca bir qızcığazsa evlərindən özüylə oyuncaq qismində gətirdiyi və bu kübar evin zalında da üfürə-üfürə başı üzərində qovduğu zərif, pırpız bir tükcüyün dalınca qaçmaqda idi. Bülbül isə “Koroğlunun ariyası”ndakı hicr dolu zəngulələrlə qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “ah, Nigarım!” - deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət “qov”unu qovmaqda ola-ola, məclisin aşağı başında oturmuş anasını çox ucadan səsləyərək: “Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə, yazıxdı!” dedi.
   İnanarmı-inanmazsızmı ki, bu tər-təmiz uşaq səsi, fidan sözü o məclisi əməlli-başlı diriltdi. Buradakı bütün yar-yoldaşlar, qohum-qardaşlar arınıb-durulub həm də vətəndaş oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans, milli bir məclis alındı. “Kələm qonaqlığından kəlam mərasiminə” çevrilən o yığıncağı “giriş sözü” ilə elə o qızcığazın atası açdı. Dedi ki, Bülbülün səsi eşq adlı əbədi müəmmanı Füzulinin sözü, Üzeyir bəyin musiqisi qədər aça bilir. Belə məclislər üçün hələ naşı olan bir tələbə qız çəkingən tərzdə buyurdu ki, Bülbülün səsində bütün ataların - yəni kişilərin bütün analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik iddialılığını kompensasiya etmək cövhəri var. O gözəl tələbə qızla üzbəüz oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət haqda deyilməmiş, yazılmamış bütün fikirləri ifadə edir, hə?”. Gənc professorun obyektə tərifdən çox, qarşısındakı subyektə komplimentə bənzəyən bu sözlərinin fonunda veriliş aparıcısı Bülbülün həm də fenomenal alimliyindən, professor şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, təhsil aldığı İtaliyanın “Haribaldi” ordenləriylə təltif edilməsindən danışırdı. Bu uzun titul sadalamasından canı darıxan ağsaqqal bir sürücü başını başlara qoşub, sehrli şüşənin əks tərəfindəki aparıcının qarasına: “Ay zalım oğlu, bu mükafatlar onun səsinin yanında nəmənə şeydi?! Bunların əvəzinə, kişinin məcunlarından birini də verin, dinləyib dirilək də!” - dedi. Bu kələ-kötür “çıxış”dan sonra “Nuhun gəmisi” timsallı “xalq” susdu. Hamı bayaqdan bəri yerində qurcuxan bir kişiyə - düzəltdiyi əşyalara nəfəsdən başqa hər şey verən Dəmirçi Aydına baxdı. Dəmirçi isə bir-bir bu ecazkar Səsin normal eşidilməsinə mane olanlara baxdı və çəkic-zindan sədalı səsiylə bir nəqəratlıq nitq elədi: “Bülbüldən zövq almaq üçün gərək onu dinləyərkən bir sən olasan, bir də özün...”
   O “beynəlzümrə” yığıncaqda mən də bir-iki kəlmə dedim, amma deyəsən ən diqqətcil dinləyicim də elə özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda həm ifaçı olub, həm dinləyici, tamaşaçı, tənqidçi, təlimçi, münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki zəif söz, misra və bəndlərə ecazkar səsi ilə elə şəkər qatır ki, heç kəs daha o fikrin mənasına varmır. Söz, fikir güclü olanda isə! Bəli, söz güclü olanda isə, səsindəki emosiyanı yığışdırıb bir kənara çəkilir, bütün diqqətləri “deklamasiya” etdiyi sözün üstünə yönəldir. Məsələn? Buyurun, indi söyləyəcəyim nümunəni dinləyin; yəni bunu eşitməklə bərabər, həm də onun avazını dinləyin. Görün o qədər zil oktava və zəngulə imkanlarına malik olmuş bu nəhəng bu misraları ifa edərkən bunlardan istifadə edirmi?! Hə, “Bir gün evlərinin lap qabağından, Titrəyib keçdiyim yadıma düş-düüü, aman, a-man, aa-y a-maa-an...”
   Mən o nisbətən məhrəm məclisdə bu ifanın həmin parçasını, pisdən-yaxşıdan, təqlid də etdim. Bu yazıda isə... Heyf ki, yazıda oxumaq olmur...
   Bu əbədi sənətkarın həyat yoldaşının xatirə-yazılarından bir fraqment. Moskvada keçirilən növbəti Azərbaycan dekadasında İ.V.Stalin Üzeyir bəylə Bülbülü möhtəşəm “Koroğlu” operası ilə ilgili təbrik edir, Üzeyir bəyə “...daha bir belə dahiyanə əsər yazarsızmı”, Bülbülə isə “Moskvada qalıb çalışarsınızmı” suallarıyla müraciət edir. Nəticə hamıya məlum, Bakıya qayıdarkən kupedə xanımının “niyə razılaşmadın” sualına isə cavabı çox az oxucuya bəlli: “Mən Moskvada qalaramsa, yarımçıq qalmış aşıq mahnılarının nota köçürülməsi işi necə olar?..”
   
   Və bir qədim yığıncaqdan...
   
   Şahidi olduğum o qədim yığıncaqdan şühudi reportaj:
   1981-ci il. Azərbaycan radiosunda növbəti “letuçka”. Dövrün məşhur bir qadın müğənnisinin ötən həftə televiziya və radioda getmiş “müsibət” konserti haqda qızğın, bəziləri tərəfindən isə məhrəmanə müzakirə, münasibət və mübahisələr gedir. Bu zaman qələminin arxası da, qabağı da yazan redaktorlardan biri qalxıb deyir ki, bu böyük sənətkar xanım haqda mahnı yazılmasının vaxtı çatmayıbmı? Yerlərdən səslər: “Əlbəttə!”, “Hətta gecikmişik” və s. Elə bu zaman “Xəbərlər” baş redaksiyasının baş redaktoru Valid Sənani ayağa qalxır və deyir: “Ay yoldaşlar, nə vaxt o boyda Bülbül haqda mahnı yazılarsa, sonra bu boyda xanım haqda da yazıb-yazdırarsınız...”
   Doğru deyilmi, əziz bəstəkarlarımız, hörmətli müğənnilərimiz? Rəssamlar, heykəltəraşlar bir-birinin portretini, heykəlini, ədiblər, aktyorlar bir-birinin surətini yaradırlarsa, niyə bəstəkarlar, müğənnilər bu normal həmkarlıqda sussunlar?
   Amma sözüm yalnız Bülbül adına, Bülbül ladına layiq sanballı bəstəkarlara və müğənnilərədir, haa...
   
   Tahir Abbaslı