Qazaxıstanın Karaqanda şəhərində TÜRKSOY-un 20 illiyi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyi münasibətilə keçirilən tədbirə müxtəlif ölkələrdən ifaçılar qatılmışdı. Doğrudur, müxtəlif ölkələrdən cəlb olunan musiqiçi və vokal ifaçılarının qastrolları əvvəldən müəyyən edilməsinə baxmayaraq onları bir araya gətirmək heç də asan deyil. TÜRKSOY-un baş katibi, “Arşın mal alan” - Qazaxıstanda” adlı beynəlxalq layihənin təşkilatçısı və ideya müəllifi Düsen Kaseinov bu hadisəni belə şərh edir: “Bizim prinsipimiz dəyişilməz olaraq qalır. Bütün layihələr beynəlmiləl olmalı, hər bir layihədə ən azı dörd türk ölkəsinin nümayəndələri iştirak etməlidir”.
Operettanın yubileyi münasibətilə Karaqandanın “Şalkıma” adlı konsert zalında tamaşaçılar Üzeyir Hacıbəylinin ecazkar musiqisini dinlədilər və 1945-ci ildə “Arşın mal alan” filmində baş rolu ifa edən istedadlı müğənni Rəşid Behbudovun xatirəsini yad etdilər.
“Arşın mal alan” operettası dahi bəstəkar və dramaturq, Azərbaycanda professional musiqi incəsənətinin banisi, bir çox operaların müəllifi olan Üzeyir Hacıbəyli tərəfindən 1913-cü ildə yazılmış və qısa bir zamanda Bakıda premyerası olmuşdur. Əsər dərhal populyarlaşır və əsrarəngiz melodiyası, canlı yumoru ilə xalqın məhəbbətini qazanır. Müəllif “düyünləmə”, “düyünün açılışı”, “ikili kulminasiya”dan istifadə etməklə operettanı klassik əsərlərin bütün qayda-qanunlarına uyğun yazmışdır.
Operetta bütün dünyada səhnələşdirilir və əsərin qəhrəmanları artıq 30 dildə oxuyurlar. Karaqanda və eləcə də Astanada dialoq və ariyalar Azərbaycan, qazax, türk, qırğız dillərində səslənmişdir. Tamaşanın Qazaxıstanda göstərilmə tarixi çox maraqlıdır. Belə ki, rejissor və baş dirijor eyni ölkədə, ifaçılar müxtəlif ölkələrdə yaşasalar da, onlar əsərin Karaqandada premyerasından 5 gün öncə bir araya gəliblər.
“Arşın mal alan” operettasının yeni təfsirdə səhnələşdirilməsi ideyası tanınmış dirijor, Xalq artisti, professor Ağaverdi Paşayevə məxsusdur. İki il öncə Bakıda Ü.Hacıbəylinin 125 illik yubileyi münasibətilə Ağaverdi Paşayev tanınmış opera rejissoru, Əməkdar incəsənət xadimi, professor Alik Usubova “Arşın mal alan” operettasının səhnələşdirilməsini təklif edir. Alik Usubovun sözlərinə görə, bu ideya “gözlənilməz təklif” kimi görünsə də, lakin o, əsas səhnələri saxlamaq şərti ilə 3 saatlıq tamaşanı ixtisar etmək, qısaltmaq, musiqinin müşayiətini simfonik orkestr üçün deyil, məhz Xalq Çalğı Alətləri Orkestrinin ifasında səsləndirilməsi barədə əvvəlcədən düşünürdü.
Bu, əslinə qalarsa, novator ideya idi. Dekorasiyasız qurulmuş tamaşa, qrim edilmiş aktyorların və orkestrin səhnəyə yerləşdirilməsi - bir növ “Arşın mal alan” operettasının konsert variantı idi. A.Usubov uzun monoloqları ixtisar etsə də, o, əsasən Üzeyir Hacıbəylinin öz əsərində yaratdığı dinamik inkişafı qoruyub saxlamışdır.
“Arşın mal alan” operettasında hadisələr XIX əsrin sonuna təsadüf edir. O dövrdə əgər ata oğluna “Artıq evlənmək vaxtıdır” deyərdisə, oğlanın anası qohumları, tanışları arasında onun üçün gözəl qız axtarmalı və oğlunun gələcək həyat yoldaşı kimi evinə gətirməli idi. Dramaturq Üzeyir Hacıbəyli operettasının baş qəhrəmanı 27 yaşlı gənc, tacir Əsgərin dilindən “Yox, yox! Mən görməsəm, sevməsəm, evlənə bilmərəm, gərək qızı birinci mən özüm görüm, sonra isə evlənim” söyləyərək sanki dövrün qayda-qanunlarına qarşı etiraz edir.
Əsərdə həmçinin, dövrün qanunlarına boyun əyməyə məcbur olan digər obraz Gülçöhrədir. O, özünü arşınmalçı kimi təqdim edən kasıb Əsgərə vurulur. Lakin öz sevgisinə qovuşmaq onun üçün qeyri-mümkündür. Yalnız gələcək ərinin evinə qaçırdılaraq gəldikdə ona məlum olur ki, bu zəngin evin sahibi onun sevdiyi şəxs, kasıb arşınmalçı kimi tanıdığı Əsgərdir. Hər şey xoşbəxt sonluqla tamamlanır.
Məlumdur ki, “Arşın mal alan” operettası öz vətənində - Bakıda da dəfələrlə tamaşaya qoyulub. Bakıdakı tamaşalarla Karaqandadakı tamaşa arasındakı fərqi Düsen Kaseinov belə izah edir: “Zənnimcə, ən böyük fərq - Karaqandada aktyorların 4 ölkədən gəlməsi və 4 dildə - qazax, qırğız, türk və Azərbaycan dilində çıxış etmələridir”.
Qeyd etmək lazımdır ki, baş dirijor Ağaverdi Paşayev və quruluşçu rejissor
A.Usubov may ayında Karaqandaya gələrək, Tattimbet adına Filarmoniyada Qazax Xalq Çalğı Alətləri Orkestri ilə tanış olmuş və orkestrin səslənməsinə, akademik səviyyəsinə, professionallığına xüsusilə heyrətlənmişdi.
Tamaşaya hazırlıq prosesi uzun çəkmişdir. Rejissor ilk öncə əsərin klavirini və digər materialları konsert birliyinin baş dirijoru, Əməkdar incəsənət xadimi Tələt İdrisova və orkestrin baş dirijoru Yerlan Baktıgərayova göstərir. Daha sonra aktyorlar və orkestr üçün Bakıdakı tamaşaların diskləri göndərilir ki, onların əsər haqqında tam məlumatları olsun. Bu bir qədər rejissor işinin də yüngülləşdirilməsinə səbəb olur.
Qazaxıstan Xalq Çalğı Alətləri Orkestrinin dirijoru Yerlan Baktıgərayovun sözlərinə görə, o, musiqini Xalq Çalğı Alətləri Orkestri üçün işləmiş, 4 dəfə düzəliş etmiş və hətta tamaşanın premyerasına bir gün qalmış bir daha redaktə işləri aparmışlar. Bütün çətinliklərə baxmayaraq, istər iştirakçılar, istərsə də tamaşaçılar əsərin yeni interpretasiyasından xüsusilə zövq almışlar.
Baş qəhrəman - tacir Əsgər rolunu Azərbaycanın Xalq artisti Azər Zeynalov və türkiyəli ifaçı Senol Talinli, Gülçöhrə rolunu isə Esin Talinli və Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edir. Asiya rolunda Qırğızıstanın Əməkdar artisti Asel Bakbayeva, Vəli rolunda qazaxıstanlı aktyor Sansızbay Bekbulatov oynamış, Telli rolunda isə S.Seyfulli adına Karaqanda Dram Teatrının direktoru, hamı tərəfindən sevilən aktrisa Merueş Başay koloritli obrazları ilə böyük sənətkarlıq göstərmişdir.
Xalq artisti, professor Ağaverdi Paşayev Merueş Başayın aktyorluq məharəti haqqında belə deyib: “Üzeyir Hacıbəyli sanki Telli rolunu məhz bu cür təsvir etmişdir. O, sanki bu rol üçün doğulub”.
Tamaşada, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Tural Ağasıyev, Məshəti Cabbarova, Dövlət Mahnı və Rəqs Ansamblının ifaçıları Fəxri Nicat Kazım və Əsməd Haşımova da maraqlı ifaları ilə yadda qalıblar.
Bir sözlə, premyera olduqca uğurlu keçdi. Aktyorların səhnədə dinamikliyi ilə seçilərək orijinal dildə rahat ifaları, dialoqları isə öz doğma dillərində danışaraq bir-birlərini çox gözəl anlaya bilmələri bir növ premyeranın uğuruna təkanverici amildir. Aktyorların fərqli və müəyyən qədər oxşar dildə danışmaları tamaşaçıları təəccübləndirsə də, onların cəsarətlə öz rollarının öhdəsindən gəlməsi böyük alqışlara səbəb olub.
Şübhəsiz, bu cür qeyri-adilik musiqi mədəniyyəti tarixində və musiqili komediya pərəstişkarlarının yaddaşında əbədi olaraq həkk olunacaq.
P.S. Karaqandada premyeradan sonra, növbəti gün “Arşın mal alan” operettası Astana şəhərində nümayiş olunmuşdur.
Nataliya Rıjakova
“Kazaxstanskaya pravda” qəzeti, 19.09.2013
(Tərcümə etdi: Humay Fərəcova)