Oktyabrın 2-də Niyazinin mənzil-muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 100 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirildi.
Tədbiri Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov açaraq Çingiz Hacıbəyovun həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, sənətkara aid sənədlərdə, o cümlədən vaxtilə işlədiyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından əldə edilən əmək kitabçasında və arayışda onun yalnız anadan olduğu il (1913) göstərilib. Niyazinin mənzil-muzeyi kollektivinin birgə araşdırmaları nəticəsində Çingiz Hacıbəyovun doğum gününün oktyabrın 2-si olduğu müəyyən edilib.
Çingiz Hacıbəyov dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, ölkəmizdə musiqili teatrın yaradıcılarından olan Zülfüqar Hacıbəyovun oğlu, maestro Niyazinin qardaşıdır. O, 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. 1932-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində işləyib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1971-ci il yanvarın 18-də Bakıda vəfat edib. Məzarı II Fəxri xiyabandadır.
Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəyli, Xalq artisti, bəstəkar, BMA-nın professoru Sevda İbrahimova və başqaları Çingiz Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs etdilər və xatirələrini danışdılar.
Azərbaycan Dövlət Simli Kvarteti, BMA-nın professoru, Əməkdar incəsənət Xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Gülnaz İsmayılova və Səbinə Əsədovanın ifalarında konsert proqramı təqdim edildi.
Tədbirdə Niyazinin mənzil-muzeyinin materialları əsasında Çingiz Hacıbəyovun həyat və fəaliyyətindən bəhs edən slayd-şou nümayiş olundu.
Savalan Fərəcov