Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyi və “Kainat” Gənclik Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə gerçəkləşən V Beynəlxalq Uşaq Muğam Festivalının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə tədbiri açaraq festival barədə məlumat verdi. Bildirdi ki, muğam sənətinin təbliğinə töhfə vermək, gənc istedadları üzə çıxarmaq məqsədilə “Kainat” Gənclik Mərkəzinin 1996-cı ildən həyata keçirdiyi respublika miqyaslı uşaq muğam festivalları 2009-cu ildən beynəlxalq formatda reallaşdırılır. Tədbirin coğrafiyası ildən-ilə genişlənir. Bu il festival 11 ölkədən (Azərbaycan, Türkiyə, Misir, İran, Əfqanıstan, İraq, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan) ifaçıları bir araya gətirib. Tədbirə ilk dəfə İran İslam Respublikasından “Təbriz” muğam qrupu qatılıb.
Gənclər və idman naziri Azad Rəhimov “Kainat” Gənclik Mərkəzinin həyata keçirdiyi bu layihəyə həmişə dəstək verdiklərini bildirdi. Qeyd etdi ki, mədəniyyətimizin gələcəyi belə istedadlı gənclərdən asılıdır. O, muğam festivalının iştirakçılarına yeni uğurlar arzuladı.
Münsiflər heyətinin sədri, Xalq artisti, tarzən Ağasəlim Abdullayev uşaq muğam festivalının əhəmiyyətindən danışaraq, belə tədbirlərin balaca ifaçılar üçün gələcəyə yol, sənət dünyasına açılan qapı olduğunu vurğuladı: “Hər il keçirilən uşaq muğam festivalında qaliblər iştirakçı ölkələrdən təşkil edilmiş münsiflər tərəfindən qiymətləndirilir. Bu gün əminliklə demək olar ki, Azərbaycan muğamının dünyada təbliği sərhəd tanımır”.
Sonra müxtəlif ölkələri təmsil edən iştirakçılar çıxış etdilər, onların ifaları beynəlmiləl tərkibli münsiflər heyəti tərəfindən qiymətləndirildi. Təşkilat komitəsinin qərarı və münsiflər heyətinin təklifi əsasında festivalda 1 baş mükafat (“Qran-pri”), 2 birinci, 2 ikinci, 3 üçüncü yer qalibləri müəyyən edildi. Qran-pri mükafatına Azərbaycandan Lalə Səmədova (15 yaş, “Şahnaz” muğamı) layiq görüldü. I yer Yunus Avcar (Türkiyə, 12 yaş) və Elbəy Etibarlı (Azərbaycan, 13 yaş), II yer Toqja Bakıtova (Qazaxıstan, 12 yaş) və Mustafa Sübhi Nuruldin (İraq, 15 yaş), III yer Jırqal Omurzak oğlu (Qırğızıstan, 16 yaş), Ruxsora Oblokulova (Özbəkistan, 12 yaş) və Cəbi Mahmudzadəyə (Azərbaycan, 11 yaş) verildi. Daha beş nəfər həvəsləndirici mükafatlarla təltif olundu. Bundan əlavə, təşkilat komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə (ən kiçik iştirakçı, repertuarına Azərbaycan muğamını daxil etmiş əcnəbi ifaçı və s.) mükafatlar təqdim edildi. Bütün iştirakçılar festivalın diplomlarına layiq görüldülər.

L.Azəri