Latviya Musiqi Akademiyasında Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə Azərbaycan muğamı gecəsi keçirilib. Xalq artistinin sözlərinə görə, Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyevin rəhbərlik etdiyi “Ocaq” cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Tamaşaçılar arasında Latviya Prezidenti Andris Berzinş də olub: “Tarzən Elçin Həşimovun və kamança ifaçısı Elnur Əhmədovun müşayiəti ilə Azərbaycan xalq mahnılarını və muğamlarımızı ifa etdik. Tamaşaçılar “Qarabağ şikəstəsi”ni ayaq üstə alqışladılar. Əlbəttə, biz bununla qürur duyduq. Latviyanın prezidenti “Qarabağ şikəstəsi”ni dinləyəndən sonra mənə dedi ki, bu, səma musiqisidir”.
Konsertdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, Latviyanın ictimai-siyasi xadimləri, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, diplomatik korpusun nümayəndələri iştirak ediblər.