Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülən gənc musiqiçilər sevinclərini bizimlə bölüşdülər

Gənclərə diqqət və qayğı, onların istedadının dəstəklənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin mühüm istiqaməti olub. Öz növbəsində yaradıcı gəncliyimiz də bu diqqət və qayğı müqabilində yeni-yeni uğurlara imza atır, ölkəmizin mədəniyyətini, incəsənətini müxtəlif tədbirlərdə layiqincə təmsil edirlər. Dövlətin xüsusi diqqəti gənclərin cəmiyyətdə uğur qazanmasına, nailiyyətlərinin davamlı olmasına stimul verir, onları daha da ruhlandırır.

Ulu öndər Heydər Əliyevin 1996-cı il iyunun 22-də imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmana uyğun olaraq hər il incəsənətin müxtəlif sahələrində xüsusi uğurlar qazanan gənclərimizin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Prezident İlham Əliyevin 14 oktyabr 2013-cü il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan daha yeddi gənc bu təltifə layiq görülüb.
“Mədəniyyət” qəzeti olaraq gənc istedadları təbrik edir və oxucularımızı onlarla daha yaxından tanış etmək istəyirik.

* * *
Züleyxa Nazim qızı Abdullayeva (2002-ci il təvəllüdlü) Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasında fortepiano ixtisası üzrə təhsil alır, hazırda VI sinif şagirdidir. O, 2011-ci ildə Pietro Argento adına beynəlxalq müsabiqədə (İtaliya) I yerə və “Rondo” beynəlxalq musiqi festivalında (İsveç) diploma, 2012-ci ildə pianoçuların Nikolay Rubinşteyn adına beynəlxalq müsabiqəsində (Fransa) I yerə layiq görülüb. Züleyxa öz sevincini bizimlə bölüşərək dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi: “Üzərimdə əməyi olan hər kəsə minnətdaram. Çalışacağam ki, mənə göstərilən etimadı daima doğruldum, Vətənimi, mədəniyyətimizi layiqincə təmsil edim”.

* * *
Firuzə Rauf qızı Bəylərova 2001-ci ildə Bakıda anadan olub. 2006-cı ildən Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb-Studiyasında fortepiano ixtisası üzrə təhsil alır, hazırda VII sinifdə oxuyur. 2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi Azər Dadaşovun əsərlərinin ən yaxşı ifasına həsr olunmuş müsabiqədə III dərəcəli diploma, 2012-ci ildə Bolqarıstanın Dobriç-Albena şəhərində keçirilmiş XVII “Ümidlər. İstedadlar. Ustadlar” müsabiqəsində I mükafata layiq görülüb. Firuzə də qəzetimiz vasitəsilə dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan məmnun olduğunu, böyük sevinc yaşadığını və bu yolda ona dəstək olan müəllimlərinə dərin minnətdarlıq hisslərini ifadə etdi. Bu etimadı layiqincə doğruldacağını dedi”.

* * *
Mircavid Mircavad oğlu Cəfərov (1996-cı il təvəllüdlü) 2013-cü ildə paytaxtdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbini tar ixtisası üzrə bitirib və Azərbaycan Milli Konservatoriyasına qəbul olunub. Xalq çalğı alətləri ifaçılarının II respublika müsabiqəsində (Bakı, 2010), 2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş milli musiqi alətləri ifaçılarının respublika festivalında (2011) I dərəcəli diplomla təltif edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsində III dərəcəli diploma layiq görülüb (2013). Müxtəlif tədbir və konsertlərdə uğurla çıxış edir: “Bu, həyatımda böyük hadisədir. Sevincim hədsizdir. Uğur qazanmağımda müəllimlərimin böyük zəhməti olub. Əməkdar müəllim Ramiz Əzizova, məktəbimizin direktoru Yusif Vəliyevə, müəlliməm Gülnarə Məmmədliyə dərin təşəkkürlərimi çatdırıram. Ailəmiz adından cənab Prezidentə, Mədəniyyət və Turizm Nazirliyinə xüsusi təşəkkürlərimi bildirirəm”.
Gənc ifaçı oktyabrın 24-də Bakı Caz Festivalı çərçivəsində atası ilə birlikdə konsert proqramı ilə çıxış etdikdən sonra ayın 28-də Amerikaya qastrol səfərinə gedəcəyini dedi: “Bu mədəniyyət tədbirlərində musiqimizi təmsil edənlər siyahısında mənim də adımın yer almasından bir gənc olaraq qürur duyuram”.

* * *
Səmra Mətin qızı Əmiraslanova (1995-ci il təvəllüdlü) ötən il Bakı şəhəri L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbini bitirib. 2012-ci ilin mayında İtaliyanın Pezaro şəhərində keçirilmiş IX beynəlxalq “Jita de Pezzaro” müsabiqəsində I mükafata layiq görülüb. Hazırda Bakı Musiqi Akademiyasının II kurs tələbəsidir, professor Oqtay Abasquliyevin sinfində təhsil alır. Gənc pianoçu ötən ilin oktyabrında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş “The Asia Piano Competition-2012” müsabiqəsində uğurla iştirak edərək I mükafatı və laureat adını qazanıb. Dünya şöhrətli 12 pianoçudan ibarət nüfuzlu münsiflər heyətinin ümumi qərarı ilə Səmra Əmiraslanovanın Amerika və Asiyanın bir sıra ölkələrində keçiriləcək qastrol səfərlərində iştirakı nəzərdə tutulub.
Səmranın müəllimi, BMA-nın professoru, Əməkdar incəsənət xadimi Oqtay Abasquliyev tələbələrinin uğuruna sevindiyini bildirdi: “Çox şadıq ki, dövlətimiz gənc istedadlara daima diqqət və qayğı göstərir. Bu qayğı onların uğur qazanmasına zəmin yaradır. Bir müəllim kimi Səmradan çox razıyıq. O, bizim ümidləri həmişə doğruldur və öz uğurları ilə bizləri sevindirir. Güman edirəm ki, gələcəkdə daha böyük nailiyyətlərə imza atacaq”.

* * *
Cahandar İslam oğlu Xanlarov 1997-ci ildə Bakıda anadan olub. 2005-ci ildən L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində kamança ixtisası üzrə təhsil alır, hazırda XI sinif şagirdidir. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində (2008), uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsində (2010) I dərəcəli diplomla təltif olunub. 2010-cu ildə Mərakeşin Rabat şəhərində keçirilmiş beynəlxalq uşaq festivalında uğurla iştirak edib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş milli musiqi alətləri ifaçılarının respublika müsabiqəsində (2011), Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş müsabiqədə (2012) I mükafata layiq görülüb. 2009-cu ildən Dövlət Uşaq Xalq Çalğı Alətləri Orkestrinin üzvüdür.
Cahandar bizimlə telefon söhbətində bildirdi ki, hələ də bu xəbərin sevincini yaşamaqdadır: “Bütün istedadlı gənclərə bu cür şad xəbərlər almalarını arzu edirəm. Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Bu günə kimi qazandığım bütün uğurlarıma görə müəllimlərimə minnətdaram. Hazırda isə dekabrda keçiriləcək respublika müsabiqəsinə hazırlaşıram”.
* * *
Atabəy Xəzər oğlu İsmayılov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində tar ixtisası üzrə təhsil alır. Atabəyin valideynləri bu günün sevincini bütün doğmaları ilə birlikdə yaşadıqlarını dedilər. Onlar ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdıraraq gənclərə olan diqqət və qayğıya görə dərin təşəkkürlərini ifadə etdilər. Füzuli rayonundan məcburi köçkün olan ailəyə bu xəbər böyük bir şadlıq gətirib. Valideynləri Atabəyin gələcəkdə vətəninə, xalqına layiqli bir vətəndaş olaraq ona göstərilən qayğını daima qiymətləndirəcəyini, bu yüksək etimadı doğruldacağını bildirdilər.

* * *
Jalə Eldəniz qızı Mailova (2000-ci il təvəllüdlü) Bakıdakı Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdidir. 2010-cu ildə uşaq və gənclər arasında “Şopen 200” müsabiqəsinin diplomantı adına, 2012-ci ildə İslam dünyası gənclərinin beynəlxalq festival-müsabiqəsində I yerə, 2012-ci ildə pianoçuların II respublika müsabiqəsində III yerə, Almaniyada “Münhen ulduzları” beynəlxalq müsabiqəsində solo nominasiyada I yerə (qızıl medal) layiq görülüb. Bu il ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş fortepiano ansamblı və müşayiəti üzrə respublika müsabiqəsində I yeri qazanıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İstedad Mərkəzi”nə üzv seçilib.
Jalə də öz həmkarları kimi layiq görüldüyü diqqət və qayğıya görə böyük sevinc yaşadığını bildirdi: “Əldə etdiyim uğurlara görə müəlliməm Tamilla Məmmədovaya və anama minnətdaram. Ölkə başçısının sərəncamı ilə adımın Azərbaycanın gənc istedadlarının ”Qızıl kitabı”na yazılması, Prezident təqaüdünə layiq görülməyim həm onların, həm də təhsil aldığım məktəbin uğurudur. Bundan sonra da çalışacağam ki, onları yeni uğurlarımla sevindirim”.

* * *
Bəli, bu gün gənclərimizin səsi-sorağı dünyanın ən mötəbər müsabiqələrinin qalib kürsülərindən gəlir. Bu istedadların aşkar edilməsinə, dəstəklənməsinə dövlətin böyük qayğı və diqqəti var. İnanırıq ki, gəncliyimiz də istedadı və bacarığı ilə bu diqqətə daim layiq olacaq.

Lalə