Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi zəngin ənənələr üzərində formalaşmışdır. Bu məktəbin yetirmələri də öz yaradıcılıqlarında həmin ənənələri davam və inkişaf etdirmişlər. Bu yerdə Üzeyir bəyin müdrik kəlamlarından birini yada salaq: «Hər bir bəstəkar bəstəkarlıq texnikasına yiyələnməmişdən əvvəl milli musiqi alətlərinin birində mükəmməl ifa etməyi bacarmalıdır».

Azərbaycan bəstəkarlıq məktəbini təmsil edən görkəmli sənətkarlarımızın bir çoxu bu tövsiyəyə sadiq qalaraq əsasən tar və kamança alətində məharətlə ifa etməyi bacarmışlar. Hətta onlar musiqiyə məhz bu alətlərlə qədəm qoymuşlar. Bu ənənəni orta nəslin bəstəkarları da davam etdirirlər. Onların nümayəndələrindən biri də Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyevdir.
Ona tar alətini sevdirən dayısı - Əməkdar artist Tağı Tağıyev olmuşdur. Məhz Tağı müəllimin ifalarından ruhlanan Vasif erkən yaşlarından ulu tarımızı köksünə sıxıb onu dilləndirməyə cəhd edir. Buna nail olduqda isə onun musiqiyə məhəbbəti daha da artır. Beləliklə, Vasif Allahverdiyev musiqiçi olmaq niyyəti ilə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki Musiqi Kollecinin) tar sinfinə daxil olur. Tar ifaçılığını təkmilləşdirdikcə musiqi təfəkkürü daha da inkişaf edərək yeni istiqamətlərə yönəlir. O, bəstəkarlığa da maraq göstərir. Tar üçün kiçik pyeslər yazır, unudulmaz sənətkarımız Vasif Adıgözəlovdan bəstəkarlığın sirlərini öyrənir.
Nəhayət, öz istedadı və zəhməti sayəsində həm tarzən, həm də bəstəkar kimi fəaliyyətə başlayır. Texnikumu bitirdikdən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) İsmayıl Hacıbəyovun bəstəkarlıq sinfinə daxil olur. Müəlliminin rəhbərliyi altında bir neçə əsər yazır. Bu sırada «Atatürk» simfoniyası, «Ömür yolu» simfonik poeması və başqa əsərlərin adını çəkə bilərik. Görkəmli sənətkarlarımız Vasif Allahverdiyevin əsərlərinə yüksək qiymət verirlər. Bu yerdə onlardan bəzilərinin fikirlərini diqqətə çatdıraq.

* * *
«Üzeyir Hacıbəylidən başlayan bəstəkarlıq məktəbinin ənənələri bizim nəslə gəlib çatmış və biz bu ənənələri gənclərə ötürmüşük. Lazımdır ki, onlar bu yolu layiqincə davam etdirsinlər. Həmin gənclərin içərisində Vasif Allahverdiyevin adını xüsusi qeyd etmək istəyirəm. İndiki dövrdə istedad hər şey deyil. Müasirlik, müasir dünyanı dərk etmək musiqimizin inkişafı üçün vacib olan amillərdəndir. Bu cəhətləri Vasif Allahverdiyev öz yaradıcılığında düzgün istifadə edə bilir. Onun dahi şəxsiyyət Heydər Əliyevə həsr etdiyi «Ömür yolu» simfonik poemasında bu deyilənlər tam mənada əksini tapır. Vasif Allahverdiyevə yeni uğurlar arzulayıram” (Vasif Adıgözəlov, Xalq artisti, professor. 2003-cü il).
«Musiqinin kinoda əhəmiyyəti böyükdür. Bir çox bəstəkarlar var ki, onların kino musiqisi müstəqil əsər kimi də səslənir. Simfonik musiqi əsasında film isə Azərbaycan kino sənəti üçün o qədər də səciyyəvi deyil. Amma ulu öndərimiz Heydər Əliyevin ömür yolundan bəhs edən filmdə gənc bəstəkar Vasif Allahverdiyevin eyniadlı simfonik poeması xüsusi əhəmiyyət kəsb edir” (Fərhad Bədəlbəyli, Xalq artisti, professor. 2003).

* * *
Bu fikirlərdə Vasif Allahvediyevin yaradıcılığına müsbət rəylər öz əksini tapmaqla bərabər, bir əsərin adı xüsusi olaraq qeyd edilir. Bu, «Ömür yolu» simfonik poemasıdır. Ümummilli liderimiz Heydər Əliyevə həsr olunan əsərin yaranma tarixi haqda Vasif Allahverdiyevin dediklərindən:
«Hər bir insan taleyində heç vaxt unudulmayacaq xoşbəxt məqamlar var. Mənim üçün belə xoşbəxt və unudulmaz hadisə ulu öndərimiz Heydər Əliyevlə görüşümüzdür. Bu görüşün baş tutmasına millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri, görkəmli ziyalımız Fəttah Heydərov səbəb olub. O vaxt Fəttah müəllim Naxçıvanda mədəniyyət naziri vəzifəsində işləyirdi. Əvvəlcə, mən belə bir əsər yazmaq istəyimi ona bildirdim. Fəttah müəllim fikrimi müsbət qarşıladı, eyni zamanda, ulu öndərimizin razılığını almağı məsləhət bildi. Biz dahi şəxsiyyətlə görüşdük. Mən o görüşün sevincini və yaşadığım həyəcanlı hisslərimi bəlkə də heç bir sözlə ifadə edə bilmərəm. Ulu öndərə dedim ki, «Atatürk» simfoniyasından sonra növbəti əsərimi Sizə həsr etmək istəyirəm. O, məni çox diqqətlə dinlədi və məqsədimi müsbət qarşıladı. Beləliklə, mən «Ömür yolu» simfonik poeması üzərində işə başladım. Əsər 1994-cü ildə ilk dəfə səslənərək ictimaiyyət tərəfindən maraqla qarşılandı. Sonra isə hörmətli Fəttah müəllimin təşəbbüsü ilə eyniadlı ssenari əsasında ulu öndərin ömür yolunu əhatə edən film çəkilməyə başladı. Çox təəssüflər olsun ki, ulu öndərimiz bu filmi görə bilmədi. Ekran əsəri onun vəfatının 40-cı günü ictimaiyyətə təqdim edildi. Həmin film «Ömür yolu» simfonik poemasının sədaları altında dünyanın bir neçə ölkəsində nümayiş etdirilib».
Vasif Allahverdiyevin bu simfonik poema ilə ulu öndərin əbədiləşmiş ömrünə bir musiqi ömrü bəxş edib.
Daim öz yaradıcılığı üzərində əzmlə çalışan bəstəkar həmişə aktual mövzulara müraciət edir. Konservatoriyanı bəstəkar kimi bitirən (1992) Vasif Allahverdiyev ikinci dəfə ali tar təhsilini də alır (1994). Bu da onun artıq peşəkar bir tarzən kimi bu alət üçün əsərlər yazmasına zəmin yaradır. Bəstəkarın tar üçün pyesləri, tar və orkestr üçün əsərləri, o cümlədən «Qarabağnamə» əsəri fikirlərimizə əyani misaldır.
Vasif Allahverdiyev yaradıcılığında vokal musiqiyə də geniş yer verir. Onun ulu öndərin xatirəsinə həsr olunan «Sənsizlik» elegiyası, «Hara gedirsən», «Bəlkə görüşdük», «Azərbaycan» mahnıları bu qəbildəndir. Bəstəkarın vokal musiqiyə, xüsusən də mahnı janrına münasibəti xalq mahnılarımızdan başlayır. Belə ki, o, qardaşı - Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyevlə birlikdə bir neçə xalq mahnı və təsniflərini yeni aranjimanda işləyib.
Üzeyir bəy ənənələrini davam etdirən bəstəkar milli köklər zəminində professional əsərlər yaradır. Elə Üzeyir bəyə həsr etdiyi «Muğamsayağı» əsəri kimi. Hazırda Hüseyn Cavidin «İblis» əsəri əsasında eyniadlı balet üzərində işləyir. Əminik ki, o, bu janrda da uğurlu bir əsər yaradacaq. Çünki deyirlər, 50 yaş insan ömrünün ən kamil çağıdır. Musiqi mədəniyyətimizə bəstəkar, pedaqoq kimi töhfələr verən Vasif Allahverdiyevə 50 yaşın zirvəsində cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar