Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmaları əldə edilib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi, ictimai və din xadimi, 1910-cu ildə İstanbulda çapdan çıxmış “Riyazül-aşiqin” əsərinin müəllifi Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmalarını, ona aid fotoları və bəzi sənədləri əldə edib. Bu materialları M.Müctəhidzadənin oğlu Hafiz Sədrzadə təqdim edib.
Əlyazmalar arasında şairin Azərbaycan və fars dilində şeirləri, 1918-ci ildə bolşeviklərin və ermənilərin təcavüzü ilə bağlı Azərbaycanda cərəyan edən hadisələr, Məhəmməd ağanın bir heyətlə Türkiyəyə yardım üçün getməsi barədə xatirələri böyük maraq doğurur. Bir sənəddən məlum olur ki, M.Müctəhidzadə “Xalq xanəndələri və XIX əsr Azərbaycan musiqi alətləri” adlı əsər yazaraq 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülə təhvil verib.