Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 23-dən davam edən “Bakı Caz Festivalı - 2013” başa çatdı. Musiqi bayramı on gün ərzində caz həvəskarlarına zəngin təəssürat bəxş etdi.
Festivalın son konsert proqramları da maraqlı anlarla yadda qaldı.
Oktyabrın 31-də Bakı Caz Mərkəzində Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin vibrafon ifaçısı Allahyar Vəzirov tamaşaçılara C.Jobimin, Carlos Sontananın caz musiqiləri ilə yanaşı, özünün “Çikaqo” əsərini də təqdim edib. Bakı Caz Festivalında ilk dəfə iştirak edən ifaçının çıxışı alqışlarla qarşılanıb.
Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində musiqişünas, bəstəkar və pianoçu, Əməkdar artist Salman Qəmbərovun iştirakı ilə Azərbaycan və dünya cazının nümunələri səsləndirilib. “Bakustic Jazz” qrupunun müşayiəti ilə yüksək sənətkarlıqla ifa olunmuş müxtəlif caz kompozisiyaları musiqi həvəskarlarında böyük rəğbət doğurub.
Həmin gün Beynəlxalq Muğam Mərkəzində daha bir konsert Azərbaycan müasir caz ifaçılığının ən parlaq nümayəndələrindən olan Əməkdar artist Emil Əfrasiyab tərəfindən təqdim olunub. Gecədə “Emil Əfrasiyab və dostları” adlı etno-caz qrupunun ifasında dünya klassik musiqi nümunələri, məşhur caz kompozisiyaları və istedadlı cazmenin öz əsərləri səsləndirilib.
Noyabrın 2-də Heydər Əliyev Sarayında festivalın bağlanışı olub. Musiqi bayramına amerikalı məşhur cazmenlər Bob Ceymsin və Devid Senbornun konserti ilə yekun vurulub.
Devid Senborn dünya şöhrətli saksafon ifaçısı, bəstəkar və aranjimançıdır, altı dəfə “Qremmi” mükafatına layiq görülüb. Bob Ceyms məşhur caz pianoçusu, bəstəkar, “jazz fusion”, “crossover jazz”, “smoooth jazz” istiqamətlərinin əsasını qoyanlardan biridir. Konsertdə musiqiçilərin repertuarlarından əsərlər səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar