Noyabrın 6-da Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi-2013”ün final mərhələsi keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, parlamentin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov çıxış edərək müsabiqənin finalının 6 noyabr - Azərbaycan televiziyası və radiosu gününə təsadüf etməsinin əlamətdar olduğunu vurğulayıblar. Qeyd olunub ki, muğam sənətimizin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq dördüncü dəfə gerçəkləşən muğam televiziya müsabiqəsi bu sənətdə yeni istedadların üzə çıxarılmasına töhfə verir.
Avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində startı verilən müsabiqənin müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrində ümumilikdə 500-dən çox gənc iştirak edib. Birinci turdan növbəti mərhələyə 48 ifaçı vəsiqə alıb, onlardan 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanıb. Müsabiqənin münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Əməkdar incəsənət xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundovdur.
Gecədə “Muğam” instrumental ansamblının müşayiəti ilə müsabiqənin final mərhələsinə çıxmış gənc ifaçılar Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov tamaşaçılar və münsiflər qarşısında bir daha imtahan veriblər. Obyektiv səbəblərdən müsabiqənin Naxçıvanda keçirilən mərhələsində iştirak edə bilməyən Murad Əbduləzimov və Ayşən Mehdiyevanın da ifaları dinlənilib.
Sonra münsiflər heyəti qaliblərin adlarını elan ediblər. “Muğam televiziya müsabiqəsi - 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına - “Qran-pri”yə layiq görülüb. Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutub. Murad Əbduləzimov və Ayşən Mehdiyeva “Tamaşaçıların rəğbəti” mükafatı ilə təltif olunub.
Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi olan qiymətli xatirə hədiyyələri təqdim olunub. Müsabiqə iştirakçılarının 14 nəfərinə diplomlar təqdim edilib. Sonda qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.