Yaxud dairəvi nağaranın “üçbucağı”

Sənət, ona sevgi, heç bir umacaq olmadan bağlılıq və... Bax o “və”dən sonra elə fərqli-fərqli, acı-şirin hekayətlər yaranır ki, adam tam başqa təsirə düşür. Kiminin alın yazısından xoş müjdələr alır, kiminin ömrünü şələ kimi belində daşımasına acıyır, kiminin də “bu da belə bir ömürdü yaşadım” təəssüfü haqqında xəyalata dalırsan. Haqqında danışmaq istədiyim bu üç qadın sənətçinin ömür səhifələrini vərəqlədikcə yuxarıdakı bölgüyə uyarlıqlarını axtarmağa çalışdım. Elə tapdım da. Bəlli oldu ki, onları birləşdirən yeganə cəhət sonsuz sənət sevgisi və dahi Nizaminin “Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara” misraları ilə vəsf etdiyi musiqi alətinə məhəbbətləridir.

Göyərçin əllərin ritm sevdası

Onun bu sənətə gəlişi mürəkkəb dövrə təsadüf edir. Ötən əsrin 30-cu illəri, qorxunc repressiya yellərinin əsdiyi dönəm. O çağ ki, Şərq qadınları hələ də qara çadradan tam qurtula bilməmişdi... Belə bir dövrdə bir qızcığazın musiqi ilə sevdalanması və ifaçılığa meyllənməsi təbii ki, asan deyildi. Amma o, bunu bacardı. Şərqin ilk nağaraçalan qadını, Əməkdar artisti kimi tarixə düşdü, orkestrlərin heyətində səhnədən-səhnəyə, səfərdən-səfərə tələsdi. Bu ilkliyindən də əlavə, həm də özündən sonra nağaraçalan qadınlar nəslinin yetişməsində böyük bir cığır açdı. Beləcə, İzzət Məmmədovanın sənət şöhrəti yayılmağa başladı.
1924-cü il iyunun 24-də Bakıda, Dağlı məhəlləsi deyilən yerdə dünyaya göz açıb gələcəyin sənətkar qadını. Kasıb, lakin sənətə bağlı bir ailədə böyüyən İzzətdə musiqiyə, ritmikaya böyük maraq olub. Bunu da həmin dönəmin məclislərində yaxşı nağara ifaçılığı ilə ad çıxaran qardaşı Əjdər (nağara ifaçısı Esmira Cəfərzadənin atası) sezir və bacısını o vaxtlar yenicə formalaşmağa başlayan xalq çalğı alətləri orkestrinə aparır. 13 yaşlı qızın ifasını görən tanınmış musiqiçilər onun istedadına, ritmi gözəl duymasına valeh olurlar. Evdəki mizi, taxta oturacaqları “döyəcləməkdən” bezməyən qızcığazın böyük sənətə yolu açılır, orkestrə qəbul olunur. Kollektivin yaradıcısı, görkəmli bəstəkarımız Səid Rüstəmovun kəşf etdiyi İzzət illər keçdikcə daha da püxtələşərək gözəl ritm duyumu sayəsində orkestrin döyünən ürəyi ünvanını qazanır.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə orkestrin aparıcı qüvvəsi kimi çıxış edən İzzət xanım 1941-ci ildən həmin kollektivdə zərb alətlərinin konsertmeysteri olaraq fəaliyyət göstərir. Dövrün böyük sənətkarları Fikrət Əmirov, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Səid Rüstəmovla birgə işləyən ifaçı onların yazdıqları simfonik əsərlərin əksəriyyətinin orkestr üçün zərb alətləri üzrə səsləndirilməsində yaxından köməklik edir. Bununla bağlı maraqlı bir tarixçə də var. Belə ki, “Nəsimi” simfoniyasının zərb alətlər üçün olan hissəsini İzzət xanımla birgə işləyən Fikrət Əmirov Moskvada keçiriləcək konsertlə bağlı aparılan son məşqdə müəyyən yanlışlıq hiss edir. Bunu aradan qaldırmaq üçün İzzəti Moskvaya apartdırır. 10 nəfərlik zərb ifaçı qrupunun tapa bilmədiyi ritm, nəhayət, bərpa olunur.
Musiqi təhsilinin olmamasına rəğmən yüksək musiqi duyumu sayəsində mahir nağara ifaçısı kimi ad çıxaran İzzət Məmmədova uzun illər indiki Asəf Zeynallı adına Bakı Musiqi Kollecində bu alətin tədrisi ilə məşğul olub.
Cəfər Cabbarlı ilə qonşuluğunu, böyük dramaturqun onun ifalarının ilk dinləyicisi olmasını ömrünün xoş xatirələrindən biri kimi xatırlayan İzzət xanım deyərmiş: “Mən hər dəfə həyətimizdəki mizdə çalıb səs-küy çıxaranda Cəfər əmi qapımızı açıb astaca həyətə daxil olar və təbəssümlə məni süzərək dinləyərdi”.
Ömrü boyu xalq çalğı alətləri orkestrində ifa edən, 62 illik sənət tərcümeyi-halına malik sənətkar yalnız 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülür. Bu onu incitsə də, sənət sevdasını zərrə qədər azaltmır, 1936-cı ildən başlayıb 1998-ci ildə bitən sənət ömründə heç vaxt təəssüf burulğanına düşmür.

İzzət yolunun davamçısı

Bütün çətinliklərinə, şöhrətinin az, zəhmətinin bol olmasına rəğmən onun davamçıları da yarandı. Atasından və bibisi İzzət xanımdan ilham alaraq bu sənəti zirvələrə daşıyan daha bir ifaçı yetişdi. Azərbaycan musiqi mədəniyyətində, xanım nağaraçalanlar arasında Esmira Cəfərzadənin də adı fəxrlə çəkilir. Axı necə də olsa, o, nəinki Azərbaycanda, bütün Şərqdə nağaranın ilk qadın solo ifaçısıdır. Əslən xızılı olsalar da, 1953-cü il avqustun 19-da Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Atası həm nağarada ifa edib, həm də gözəl səsi olub. İki bacı, bir qardaşdan ancaq Esmira sənətə maraq göstərib. 6 yaşından pioner evində saz çalıb-oxuyub. Sonradan sazı nağarayla əvəz edib. Artıq 9 yaşında Azərbaycan Televiziyasının “Lalə” qızlar ansamblının tərkibində çalışıb. Sonra uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1974-cü ildə, 21 yaşında sənətdə ilk uğura imza atır. O zamankı mədəniyyət naziri Zakir Bağırov muxtar respublikanın 50 illik yubileyi ilə əlaqədar Esmiranı Naxçıvana göndərir. Yubiley tədbirlərində ansambl “Qızlar bulağı” adı ilə çıxış edir. İki il də orada qalıb Naxçıvan Dram Teatrının solisti kimi fəaliyyət göstərir. Sonra Bakıya qayıdır, filarmoniyanın solisti kimi işinə davam edir. Ali təhsilində də istədiyi nəticəni ala bilmir. Əslində fars dilini yaxşı bildiyinə görə şərqşünaslıq və hüquq üzrə təhsil almaq istəyirdi. Amma filarmoniyanın solisti olduğu üçün o fakültələrə qəbul etmirlər. Nəhayət, İncəsənət İnstitutuna daxil olsa da, buranı da yarımçıq tərk edir.
1978-ci ildə isə həyatının ən böyük faciəsini yaşayır. İdarə etdiyi maşın qəzaya uğrayır. Özü sağ qalsa da, atası dünyasını dəyişir. Bu hadisə ona çox pis təsir edir, böyük stress yaşayır. Təbii ki, bu çətin məqamlarda sənəti tutur onun əlindən. İndi onun heç nəyi yoxdur, ikicə nağarasından savayı...
Həyatında nələrisə qoruyub saxlaya bilməsə də, sevimli zərb alətinə göz bəbəyi kimi baxıb. “Dostu” da ona vəfasızlıq etməyib. Təzadlı da olsa, bu barədə Esmira xanımın maraqlı düşüncələri var. Deyir, “hərdən nağarada çalıram, gah ona küsülü baxıram, hərdən də oturub onunla söhbət edirəm. Bir yandan Allaha minnətdaram ki, mənə hər şey vermişdi. Qabiliyyət, savad, hətta şöhrət də. O şöhrəti mən nağarayla qazanmışdım, bunu danmaq olmaz. Amma ürəyimin dərinliyində bir küskünlük də var nağaraya qarşı. Bəlkə bu aləti sevməyib başqa bir işlə məşğul olsaydım, indi həyatım bambaşqa idi”.
Etiraf edək ki, müasir nağara ifaçısı olan qadınların əksəriyyətinin eyni üslubu, jesti, mimikası var. Məncə, bu da Esmira xanımdan qaynaqlanır. Səhnəyə şalvarla ilk dəfə məhz o çıxır. Təbii ki, o dövrün televiziya, bədii şura qanunlarına zidd olan bu addımı maestro Niyazinin əmrindən sonra atır. 1967-ci ilə təsadüf edən bu hadisəni o hələ də unutmur: “Həmin gün filarmoniyada dövlət konserti vardı. Yeni geyimim bir saata hazır oldu. Bu əmrə çox sevindim, ətəklə mümkün deyildi axı. Mən nağaraya elə əziyyət verirdim ki, gözəl görünmək, estetika, nə bilim ənlik-kirşan heç yadıma da düşmürdü. Mənim bu hərəkətimi sonrakı qadın nağaraçalanlar da götürdü. Nağaranı atıb-tutmaq da o zaman üçün yolverilməz hərəkət idi. Amma mən buna məhəl qoymadım. Özü də bunu fərqlənmək üçün yox, sadəcə içimdən gəldiyindən edirdim. Ümumilikdə, solo ifaçılığımda mən həmişə özünəməxsus olmuşam, daxili azadlığımı göstərmişəm. Nağaranı atıb-tutmağıma gəlincə, bunu ilk dəfə Naxçıvan səhnəsində etdim. Həmişə evdə məşqlər edib nağaramı uşaq kimi atıb-tutarkən atam “Ay qız bəsdir, düşəcək əlindən biabır olacaqsan”, - deyərdi. Amma mən risk etdim və bu bir alqış yaratdı ki, gəl görəsən”.
Əslində, səs imkanlarına görə müğənni olmaq istəsə də, Esmira xanım nağara ifası ilə kifayətlənib, müəllifi olduğu mahnıları da Nisə Qasımova, Maxruq Muradova, Təranə Vəlizadə kimi ifaçıların səsindən dinləyib.

“Lalə”nin Arzusu

Bu ansamblı Azərbaycanda tanımayan yoxdur. Dövrün bir çox sənət simaları bu “çiçək çələngi”ndən yol alıb, buradan pərvazlanıb şöhrətə çatıblar. Qadın ifaçıların cəsarət səhnəsi, özünü ifadə meydanı olan ansamblın üzvü olmaq, sevdiyi nağara aləti vasitəsilə ürəyinin səsini hamı ilə bölüşmək istəyi onun da amalına çevrilib. Arzu Məsimova beləcə istəyinə nail olub, 1980-ci ildən sənət həyatını “Lalə” qızlar ansamblı ilə bağlayıb.
Xalq artisti, ansamblın qurucusu və bədii rəhbəri Ceyran Haşımovanın “kəşf” etdiyi nağaraçalan qızlardan biri olaraq bu gün də kollektivin üzvü kimi ona sədaqətlə bağlıdır. Uşaqlıqdan efir-ekrandan “Lalə”nin çıxışlarını görərkən deyirmiş ki, bir gün onların sırasında mən də olacağam. Musiqiçi deyir ki, zərb ifaçılarının çoxu sonradan müğənniliyə və ya digər alətlərdə ifaya yönəlsələr də, o, nağaranı atmayıb: “Bundan peşman da deyiləm. Xəyal edilən sənət zirvələri, məşhurluq, ad-san olmasa da, mən ağlım kəsəndən elə nağaraçalan olmuşam. Sevmişəm, ruhumdan gələn çılğınlığı onda tapmışam. Elə bu da mənə bəsdir”.
Ərəb sözü olub, “döyəcləmək”, “taqqıldatmaq” mənasını verən nağara və onun üçbucağındakı qadınların nə qazandığını demək çətin olsa da, hər halda, qazanan sənət oldu.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar