Bəli, bizim xalq hər barədə ümummillidir, könlü, qəlbi hər babətdən ucadır, qəlbidir. Öz evini, həyət-bacasını, qohum-əqrəbasını vətən sayan azların əksinə düşünənlərimizin sayı-hesabı bilinməz. Günü bu gün də öz şeirində, bəstəsində, “xatirələr”ində uzaq-ucqarlarımızı - Dərbənd dərdimizi, Borçalı halımızı, Təbriz vəzimizi ərzi-hal edənlərimiz yalnız öz doğum yuvalarını vəsf edən “məhəlləqrafiya”çılardan qat-qat çoxdur...

Ali söz mətnilə məlahətli musiqi sədalarının birləşdiyi mahnıları dinləyəndə insan özündən ayrılıb xəyallar aləminə düşür...
Bax, indi mən 68 yaşlı qocaman-ucaman bir mahnının xəyal-haləsindəyəm: “Barı Naxçıvan”...
Nə gizlədim, hər dəfə bu mahnını eşidəndə bəyan etdiyim həmin hisslər, “çək-çevir”lər haləsinə düşürəm. Xeyli əvvəllərədək müəllifi elan edilmədən efirlərə verilən bu mahnını eşidərkən düşünərdim ki, bu qədər sevgi hissləri, qəlb çırpıntıları, ana-bala, ata-övlad duyğularıyla süslənmiş bu mahnının bəstəçisi yalnız və yalnız Naxçıvan torpağında doğulmuş olar. Çılğın not, dolğun nəqarət fəndlərilə adamı maqnit-bəndə salan bu “naməlum” bəndə ancaq və ancaq Naxçıvanda boy atmış, Nəqşicahanın maddi-mənəvisindən qidalanmış olar. Amma... müəyyən səbəblərdən uzun illər “məxfi” qalsa da, ötənilki müxtəsər yubiley tədbirindən sonra aydın oldu ki, o gözəl diyar haqda bu gözəl mahnının müəllifi “abi-həyatı nərmənazik bayatı” olan Qarabağdan imiş.
Bəli, söhbət 1912-ci ildə Qarabağın dilbər guşəsi olan Füzuli (o vaxtkı Qaryagin) şəhərində anadan olmuş Məmməd Cavadovdan gedir.
M.Cavadov erkən yaşlarından musiqiyə həvəs göstərmiş, balaban və tütək ifaçısı kimi məşhurlaşmışdı. Sənətə sönməz həvəsi 1930-cu ildə onu Bakı Musiqi Texnikumuna gətirir. Qəbul zamanı o, bütün zamanların böyüyü Üzeyir bəydən böyük bir söz qiyməti də alır. Piano arxasında əyləşmiş dahi Müəllim onun balaban çalmağını, musiqi duyumunu, ritmtutma qabiliyyətini çox bəyənir, yanına çağırıb, əlini çiyninə qoyur və: “Sən məni məftun etdin, oğul!” - deyir...
Nəfəsli alətlər şöbəsinin klarnet sinfində dərs alan Məmməd musiqi nəzəriyyəsini, solfecio, harmoniya və digər sənət-həyat dərslərini səylə öyrənir. Üzeyir bəy bu gəncin yüksək çalışqanlıq və peşəkarlıq xüsusiyyətlərinə etimad göstərib, texnikumu əlaçı kimi bitirən Məmmədi imtahansız olaraq Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və nəfəsli alətlər şöbəsinə qəbul edir, iki il sonra onu yeni yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə götürür. M.Cavadov bu kollektivlə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir, 1938-1941-ci illər arası Ü.Hacıbəylinin təşəbbüsü ilə Opera və Balet Teatrında professional musiqiçi kimi fəaliyyət göstərir.
M.Cavadovun yaradıcılığının bir hissəsi 1941-ci ildə yaradılmış (və qurucularından biri olduğu) Azərbaycan Dövlət Caz Orkestri ilə keçib. Onun yaradıcı ömrünün ən parlaq səhifəsi isə Naxçıvanla bağlı olmuşdur. Adil İsgəndərovun təşəbbüsü ilə 1943-cü ildə Naxçıvan Dövlət Teatrına direktor təyin olunan bu gənc musiqi məktəbində pedaqoji fəaliyyətini də davam etdirir. Bu günlərimizin R.Mirişli, N.Məmmədov, R.Məmmədov və başqa məşhur bəstəkarlarının yetişməsində Məmməd müəllimin böyük pedaqoji əməyi olmuşdur.
M.Cavadov Ü.Hacıbəylinin məsləhətilə Naxçıvanda əvvəlcə xalq çalğı alətləri orkestri, daha sonra caz orkestri yaradır və özü də həmin orkestrə rəhbərlik edir.
“Sazçı qızlar” ansamblını yaradan M.Cavadov 120 nəfərdən ibarət xor təşkil edərək, kollektivlə birlikdə yubiley konsertlərində iştirak etmişdir. Bu fəaliyyətinə görə o, Naxçıvan Muxtar Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.
Həmin illərdə M.Cavadov bir bəstəkar kimi də formalaşır və 1945-ci ilin noyabrında əslən ordubadlı, o dövrün tanınmış şairi Hüseyn Əzimin eyniadlı şeirinə yazdığı mahnı - dillər əzbəri ”Barı Naxçıvan” yaranır:

“Ey könül mülkünün barı Naxçıvan,
Ellərin sevgili yarı Naxçıvan...”

Müharibə yaralarının hələ də qan verdiyi o günlərdə el-el gəzib növbəti mənəvi məlhəmlərdən birinə çevrilən bu mahnı Üzeyir bəyin də diqqətini çəkir və o, telefonla bu istedadlı gəncin yaradıcılığı və yaşayışı üçün yaxşı şəraitin yaradılması xahişilə müraciət etdiyi muxtar respublika rəhbərliyindən “...hər şey Siz istədiyiniz səviyyədədir, Üzeyir müəllim!” cavabını eşidir.
Bakı və Naxçıvanda zəngin yaradıcılıq yolu keçən Məmməd müəllim 1954-cü ildə doğma oba-odasına qayıdır. Füzuli rayon Pedaqoji Texnikumunda musiqi müəllimi işləməklə bərabər, rayonun musiqi mədəniyyətində bir canlanma yaradır. Texnikumda təşkil etdiyi 120 nəfərlik xor kollektivi ümumrespublika baxışında müvəffəqiyyətli çıxışına görə kinojurnala çəkilir.
Texnikum Şuşa şəhərinə köçürüləndən sonra M.Cavadov rayon Mədəniyyət evinə müdir təyin edilir, daha sonra (düz 15 il) Ü.Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbində çalışır. Həmin rayonlarda kütləvi bayram tədbirləri və şənliklərdə uğurlu çıxışlar edən kollektivləri Mədəniyyət Nazirliyinin keçirdiyi ümumrespublika baxış-müsabiqələrinin laureatı olur, mükafatlara layiq görülür, folklor ansamblı ilə bir çox xarici ölkədə Azərbaycan musiqisini təmsil edir. İstedadlı uşaqları üzə çıxaran Məmməd müəllimin təşəbbüsü ilə Füzuli şəhər musiqi məktəbi fəaliyyətə başlayır, habelə rayonda Xalq teatrı yaradılır. Həmin teatrda hazırlanan “Nişan üzüyü”, ”Şeytan əməli”, ”Qara libaslı adam”, ”Baş tutmayan kələk” tamaşalarının musiqisini məhz Məmməd Cavadov bəstələmişdir.
1986-cı ildə rayon Mədəniyyət evində yaradılan “Qarabağ ocağı” folklor kollektivinin təşəbbüskarı da o idi. Həmin kollektiv II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olmuş, 1989-cu ildə Namanqan vilayətində (Özbəkistan) keçirilən “Ətirli güllər vadisi” incəsənət bayramında ”Qran pri” mükafatına layiq görülmüşdür.
1993-cü ildə Məmməd müəllimin də taleyinə köçkünlük həyatı nəsib olur. Bir müddət Lənkəranda məskunlaşan bəstəkar orada da musiqisevərlərin rəğbətini qazanır. “Bu yerlər”, “Təkcə sən”, “Lənkəran”, “Sənsizlik”, “Şəhidlik xiyabanı” və s. mahnılar məhz həmin “qərib” diyarda yaranıb.
Ömrünün 70 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmiş M.Cavadovun fəaliyyəti yüksək qiymətləndirilmiş, digər fəxri adlarla yanaşı, 11 iyun 2002-ci ildə Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət sahəsindəki böyük xidmətlərinə görə Prezident təqaüdünə layiq görülmüşdür.
Həmin ilin oktyabrında dünyasını dəyişən Məmməd müəllimin ömür yolu tələbələrilə bərabər, öz övladları üçün də örnək olmuşdur. Oğlu Azər Cavadov musiqi məktəbi direktoru, Elbrus, Sədayə və Gültəkin isə musiqi məktəblərində müəllim işləyirlər.
Yuxarıda yazdıqlarıma aşağıdakı bir arzu-diləyimi də əlavə edib, bu böyük mədəniyyət mübarizi haqda kiçik yazımı bitirirəm: ölkəmizin çox ünvanında ad (və... can) qoymuş bu görkəmli maarif və mədəniyyət soydaşımızın adının hər hansı bir ünvanla əbədiləşdirilməsini deyirəm...

Mayis Kazımov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar