Noyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Fərəc Qarayevin anadan olmasının 70 illik yubileyi münasibətilə konsert keçirildi.
Tamaşaçılar əvvəlcə filarmoniyanın foyesində Fərəc Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən fotolardan ibarət stendlə tanış oldular.
Sonra konsert proqramı təqdim edildi. Proqramda Fərəc Qarayevin valideynlərinin xatirəsinə həsr olunmuş əsərləri səsləndirildi.
Əvvəlcə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) ifasında “Orkestr və solo violin üçün konsert” (Anamın xatirəsinə) təqdim olundu. Solist Stanislav Malışev (Rusiya) idi.
Sonra bəstəkarın “Tristessa” (Vida simfoniyası) əsəri ifa olundu.
Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdi. Konsert proqramı alqışlarla qarşılandı.

Savalan Fərəcov