2013-cü il dünyada böyük ingilis bəstəkarı, dirijor və pianoçu Edvard Benjamin Brittenin (1913-1976) 100 illik yubileyi qeyd olunur.
Sənətkarın atası Robert Viktor Britten diş həkimi, anası Edit Roda Xoki həvəskar musiqiçi olub. Məhz anasının sayəsində o, erkən yaşlarından musiqiyə maraq göstərib. 1927-ci ildə Britten konsertlərin birində Frank Bric ilə tanış olur və onun tələbəsi kimi sənətin sirlərini öyrənməyə başlayır. Daha sonra Londondakı Kral Musiqi Məktəbində təhsil alır. Bəstəkar “Piter Qrayms” və başqa operaların müəllifidir. 1962-ci ildə yazdığı “Hərbi rekviyem” ona dünya şöhrəti gətirib. B.Britten 1948-ci ildə Oldoboro festivalının əsasını qoyub.
Məşhur bəstəkarın həmyerlimiz, dahi violonçelçi Mstislav Rostropoviçlə tanışlığı 1960-cı ilə təsadüf edir. B.Britten M.Rostropoviçin ifasına heyran olur və onu Oldoboro festivalına dəvət edir. O, M.Rostropoviçə üç əsər həsr edib və bu əsərləri ilk dəfə görkəmli violonçelçi özü ifa edib. M.Rostropoviç və B.Britten dəfələrlə birgə konsertlərdə çıxış ediblər.
Noyabrın 27-də L.və M.Rostropoviçlərin ev-muzeyində “B.Britten və M.Rostropoviçin dostluq və yaradıcılıq əlaqələri” adlı tədbir keçirildi. Qonaqlar görkəmli musiqiçilərin yaradıcılıq əlaqələrini əks etdirən maraqlı sərgi ilə tanış oldular. Muzeyin direktoru Şeyla Heydərova burada qorunub saxlanılan, üzərində elmi araşdırmalar aparılan eksponatlar, habelə bir neçə gün öncə M.Rostropoviçin Sankt-Peterburq arxivindən muzeyə daxil olan dəyərli materiallar barədə danışdı.
Həmin eksponatlar arasında B.Britten və M.Rostropoviçin müxtəlif illərdə birgə çıxış etdikləri konsertlərin proqramları, 1963-1964-cü illərdə Moskvanın Böyük zalında keçirilmiş violonçel və orkestr üçün konsertin afişası və başqa materiallar var.
B.Brittenin dirijorluğu altında və M.Rostropoviçin ifasında P.İ.Çaykovskinin “Rokoko” mövzusunda variasiyaları, maestronun dirijorluğu altında B.Brittenin “Hərbi rekviyem”inin videoyazısı, M.Rostropoviçin 1968-ci ildə Oldoboro festivalında çıxışının lent yazısı nümayiş olundu.
Tədbirdə tanınmış bəstəkarlar Oqtay Zülfüqarov, Elnarə Dadaşova, rəssam Elturan Avalov, Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova, musiqi məktəblərinin direktorları iştirak edirdi. Rusiyanın ölkəmizdəki səfirliyinin II katibi xanım O.Orlova, Britaniya səfirliyindən xanım E.Uayt çıxış edərək M.Rostropoviç və B.Britten haqqında maraqlı məlumatlar açıqladılar.
Sonda konsert proqramı təqdim olundu. Əməkdar artist, violonçelçi Eyyub Əliyev B.Britenin solo violonçel üçün I süitasından “Kanto Primo və Lamento” əsərini ifa etdi.