Yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında kamera musiqisi axşamı olacaq.
Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında təqdim olunacaq konsertdə (bədii rəhbər və baş dirijor - Xalq artisti Teymur Göyçayev) klassik musiqi əsərlərindən (İ.Bax, V.Motsart) nümunələr səsləndiriləcək. Solistlər beynəlxalq müsabiqələr laureatları Yuriy Sayutkin (piano) və Səidə Tağızadədir (piano).
Yanvarın 29-da Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor - Xalq artisti Gülbacı İmanova) təqdim edəcəyi konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının operalarından parçalar ifa olunacaq. Konsertin xormeysteri Yulizana Kuxmazova, konsertmeysterləri Tofiq Şıxıyev və Aslan Aslanov, solistlər əməkdar artistlər Zemfira İsmayılova (soprano) və Səbinə Əsədovadır (metso-soprano).
Fortepiano triosunun konserti
Yanvarın 30-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Dövlət Fortepiano Triosunun konserti olacaq. Əməkdar artistlər Nərgiz Əliyarova (piano), Töhfə Babayeva (skripka), Səbinə İbrahimovanın (violonçel) ifasında təqdim olunacaq konsertdə solist qismində Əməkdar artist Fidan Hacıyeva çıxış edəcək. Konsert proqramına Azərbaycanla yanaşı, Qərbi Avropa bəstəkarlarının kiçik musiqi əsərləri daxildir.