Çin Xalq Respublikasının musiqisevərləri Azərbaycan klassik musiqisi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Yanvarın 24-də Pekində Çin Opera və Balet Teatrının simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Orkestrə Xalq artisti, dirijor Yalçın Adıgözəlov rəhbərlik edəcək.
Konsert ölkəmizin Çindəki səfirliyinin milli mədəniyyətimizin tanıdılması istiqamətində gördüyü işlərin davamıdır. Ötən ilin noyabrında səfir Lətif Qəndilovun Çinin mədəniyyət nazirinin müavini ilə görüşündə ikitərəfli mədəni əlaqələrin inkişafı üçün konsertlərin təşkilinə dair razılıq əldə edilib.
Çin tərəfi sözügedən konsertin təşkili üçün Xalq artisti, professor Yalçın Adıgözəlovu və vokalçı, Əməkdar artist Nərgiz Kərimovanı Pekinə dəvət edib və onlar çinli həmkarları ilə birlikdə konserti bir neçə dəfə məşq ediblər.
Musiqi axşamında Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin əsərlərindən parçalar, romanslar, Nərgiz Kərimovanın ifasında operalardan parçalar ifa olunacaq. Bu, Çin musiqisevərlərinin klassik Azərbaycan musiqisi ilə yaxından tanış olması üçün ilk böyük fürsətdir.
Əldə edilmiş razılığa əsasən, may ayında “Pekində görüş” musiqi festivalında Azərbaycan musiqi kollektivlərinin birinin iştirakı, habelə Çin paytaxtında yaşayan həvəskar rəssam Nailə Abbasovanın rəsmlərindən ibarət sərginin təşkili də nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar