Yanvarın 24-də Pekində Azərbaycan klassik musiqisindən ibarət “Çin-Azərbaycan dostluq konserti” adlı proqram təqdim edilib. Ölkəmizin Pekindəki səfirliyinin təşəbbüsü ilə gerçəkləşən konsertdə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestrinə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov dirijorluq edib.
Konsert Çin musiqisevərləri üçün klassik Azərbaycan musiqisi ilə yaxından tanış olmaq baxımından ilk böyük fürsət idi. Proqrama Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin, Soltan Hacıbəyovun əsərləri daxil idi.
Pekin Konsert Salonunda təşkil edilən tədbirdə əvvəlcə Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və Çin Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sie Cinyinq çıxış edərək iki ölkə arasında mədəni əlaqələr barədə danışıblar. Bu cür layihələrin hər iki tərəfin mədəniyyətinə töhfə verdiyi qeyd olunub.
Müsəlman Şərqində klassik musiqinin banisi, dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə açılan konsertdə Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu və “Nəsimi” baletindən süita, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Azərbaycan Dövlət Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimovanın ifasında bəstəkarlarımızın əsərləri səslənib.
Min nəfərdən çox çinli musiqisevərin, Türkiyə, Xorvatiya, Albaniya, İsrail, Özbəkistan, Türkmənistan və s. ölkələrin Pekindəki diplomatlarının sürəkli alqışları ilə müşayiət olunan konsert Çin folklor motivləri əsasında hazırlanmış musiqi nömrəsi, çinli vokalçı U Pan və Nərgiz Kərimovanın dueti ilə başa çatıb.