Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi böyük tarixi yol keçərək formalaşıb, inkişaf edib. Bu inkişaf prosesinə hər bir sənətkar öz istedadı, elmi və zəhməti ilə təkan verib. Bu mənada Qara Qarayev yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixinin mühüm bir şaxəsini, inkişaf mərhələsini təşkil edir. O, bəstəkar, pedaqoq, ictimai xadim kimi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri ilə seçilən sənətkardır. Qara Qarayev öz yaradıcılığı ilə elə bir məktəb yaradıb ki, dünənin və bugünün bir çox tanınmış musiqiçiləri bu məktəbdən bəhrələniblər.

Unudulmaz sənətkarın ömür kitabından bəzi səhifələri vərəqləyək.
Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də anadan olmuşdur. Boya-başa çatdığı mühitdə musiqiyə olan sevgi onun istedadına daha da təkan verir. İlk musiqi təhsilindən sonra o, Azərbaycan Dövlət Konservatoriyasına qədəm qoyur. Burada dahi Üzeyir Hacıbəylinin diqqətindən yayınmır. Üzeyir bəy bu gəncin böyük ideyalarla yaşadığını duyaraq, istedadının daha yüksək zirvələr fəth edəcəyinə ümid bəsləyərək onu tələbə həmkarı Cövdət Hacıyevlə birlikdə təhsillərini davam etdirmək üçün P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına göndərir. İki gənc orada Dmitri Şostakoviçin sinfində mükəmməl bəstəkarlıq savadı alırlar. Onların istedadı və çalışqanlığı Şostakoviçin də diqqətini cəlb edir. Bu barədə Şostakoviçin xatirələrindən oxuyuruq: “Tələbələrimdən bu iki gənc azərbaycanlının istedadı və dərslərə hazırlığı məni heyran edir. Onların parlaq gələcəyinə böyük ümid bəsləyirəm.”
Bu mənada Qara Qarayev öz müəllimlərinin - həm Üzeyir bəyin, həm də Şostakoviçin - etimadını doğruldaraq, istedadı və zəhməti sayəsində qədəm qoyduğu sənət yolunda inamla irəliləyərək ən yüksək zirvəni fəth edir. Bu, musiqimizin Qara Qarayev zirvəsidir. Həmin yüksək zirvədə sənətkarın böyük yaradıcılıq irsi qərar tutub. İndi, gəlin, bu irsin bəzi məqamlarına nəzər yetirək.
Qara Qarayev Azərbaycan musiqi mədəniyyəti tarixinə milli simfonizmin yaradıcılarından biri kimi daxil olub. Onun ilk simfonik əsəri 1939-cu ildə yazdığı “Azərbaycan süitası”dır. Simfonik musiqi janrında bəstəkarın ilk irihəcmli əsəri isə 1943-cü ildə yazılan ikihissəli I simfoniyasıdır. 1944-cü ildə Zaqafqaziya dekadasında ifa olunan bu əsərin əsas qayəsi də məhz Böyük Vətən müharibəsi (1941-1945), qələbəyə inam hissi ilə bağlıdır. Ümumiyyətlə, qeyd etməliyik ki, Qara Qarayevin əsərləri sovet dövrünün ab-havasında yazılsa da, hər bir zaman üçün aktualdır. Bu gün də o əsərlər bizim üçün əsl sənət məktəbidir. Çünki bəstəkar bütün əsərlərini öz xalqına, vətəninə və sənətinə olan böyük sevgi ilə yaradıb. Qara Qarayevin 1945-ci ildə həmkarı Cövdət Hacıyev ilə birgə yazdığı “Vətən” operası da doğma yurda məhəbbəti, onun uğrunda hər bir mübarizəyə hazır olmaq hissini aşılayır. Sözsüz ki, belə bir əsərə hər zaman mənəvi ehtiyac var. Nəsillərin ruhunu oxşayan, mənəvi tələbatı ödəyən əsərlər yazan sənətkarlar əsl dahidirlər.
Bəstəkarın hansı bir əsərinə nəzər salsaq görərik ki, günümüzlə səsləşir və mənəvi dünyamızı zənginləşdirir. Çünki bu əsərlərin kökündə milli ruh, milli özünüdərketmə hissi dayanır. Baxmayaraq ki, Qara Qarayev klassik musiqi janrlarında neoklassisizm cərəyanına, müasir musiqi üslublarına müraciət etmişdir, onun əsərləri müasir olduğu qədər də millidir. Məsələn, bəstəkarın 1965-ci ildə yazdığı dördhissəli III simfoniyasına nəzər salaq. Bu əsərdə müəllif dodekafoniya texnikasından istifadə etməklə bərabər, aşıq musiqisinin intonasiyalarına da müraciət edir. Çünki o, milliliklə müasirliyi yüksək peşəkarlıqla qovuşdurmağı bacaran sənətkar idi. Bu da bəstəkarın hər iki cərəyana yəni həm milli, həm də müasir musiqi xüsusiyyətlərinə dərindən bələd olmasından irəli gəlirdi. Təbii ki, bu cəhəti də o, Üzeyir məktəbindən mənimsəmişdir. Üzeyir Hacıbəylidən “Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə mükəmməl dərs almış, 1938-ci ildə ustad tarzən Qurban Pirimovun ifasından “Şur” muğamını nota köçürmüşdür. O illərdə Üzeyir bəyin təşəbbüsü və görkəmli sənətkar Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən “Xalq musiqi kabineti”nin xətti ilə respublikamızın müxtəlif bölgələrində ekspedisiyalarda olmuş, eşitdiyi xalq mahnı və rəqslərimizi nota yazmışdır. Qara Qarayev xatirələrinin birində yazır: “Şəki şəhərində ekspedisiyada olduğum zaman mən bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri Rəsul Rzanın sözlərinə yazılmış “Könül mahnısı” kantatamın əsasını təşkil etdi” (xatirə AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın “Qara Qarayevi anarkən” kitabındandır. Bakı, “Elm”, 2002. s. 12).
Bəstəkar musiqinin müxtəlif janrlarında yaratdığı əsərlərdə müasir düşüncələri, müasir texniki üsulları milliliklə sintez edir. Buna nümunə olaraq, 1947-ci ildə yazılan “Leyli və Məcnun” simfonik poemasını da misal göstərə bilərik. Bu əsər Şərq dünyasının dühası olan ölməz Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunub. Nizaminin “Xəmsə”sindən götürülən bu əsərin bədii məzmunu bəstəkarın musiqisi ilə sıx vəhdət yaradır. Şərq poeziyasında bu mövzuya bir çox şairlər müraciət ediblər. Amma Nizami öz əsərinə daha fəlsəfi bir məna verib, onun Leylisi müəyyən qədər cəsarətli və mübarizdir. Qara Qarayev öz əsərinin musiqi dilində bu cəhətləri dolğun şəkildə ifadə edir. Bunun üçün bəstəkar müxtəlif musiqi elementlərinə, o cümlədən muğam intonasiyalarına xüsusi məharətlə istinad edir. Əsərdə Məcnunun obrazı “Şüştər”, Leylinin obrazı isə “Rast” ladının intonasiyaları üzərində qurulur. Məlumdur ki, “Rast” ladı emosional cəhətdən özündə qəhrəmanlığı, şücaəti ehtiva edir. Leyli obrazını məhz bu ladın melodik çalarları üzərində qurmaqla Qara Qarayev də öz məğrur Leylisini yaratmağa nail olur. Nizami poeziyasından bəhrələnən Qara Qarayev buna bənzər cəhətləri 1952-ci ildə yazdığı “Yeddi gözəl” baletində də əks etdirir. Hər bir gözəlin musiqisini, onun mənsub olduğu xalqın ruhunda - musiqi dilində yazmaq bəstəkarın dünyagörüşünün zənginliyinə bariz nümunədir.
Əlbəttə ki, biz Qara Qarayev irsindən çox danışa bilərik. Onun “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürləri, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, fortepiano üçün 24 prelüdü, “Zəriflik” monooperası, “Çılğın Qaskoniyalı” müzikli, kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi, eləcə də digər əsərləri melodik gözəlliyi, ahəngdarlığı, parlaq orkestr boyaları ilə fərqlənərək yüksək səviyyəli, son dərəcə professional üslubda yazılmış sənət nümunələridir. Çünki bu əsərləri özünəməxsus, təkrarsız, orijinal üslubu, böyük istedadı, zəngin biliyi, publisist düşüncələri və natiqliyi, yüksək müəllimlik qabiliyyəti və geniş ictimai fəaliyyəti olan böyük ürəkli vətəndaş və əsl sənətkar qələmə almışdır. Ona görə də bu musiqini bütün dünya xalqları sevərək dinləyir. Bu yerdə görkəmli rus bəstəkarı Radion Şedrinin Qara Qarayev haqqında fikirlərinə nəzər salaq: “O, musiqidə öz üslubunu tapmış və öz məktəbini yaratmışdır. Bu məktəbin çoxlu ardıcılları var. O, dünya şöhrəti qazansa da, Azərbaycan bəstəkarı olaraq qalır”.
Çoxcəhətli geniş yaradıcılığı Qara Qarayevə xalq məhəbbəti və dövlət tərəfindən yüksək fəxri adlar qazandırıb. O, 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, 1962-ci ildə SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmiş, 1957-ci ildə professor, 1959-cu ildə Azərbaycan EA-nın həqiqi üzvü, akademik səviyyələrinə yüksəlmiş, 1946 və 1948-ci illərdə Dövlət Mükafatı laureatı olmuş, 1959-cu ildə SSRİ Xalq artisti, 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adlarına və digər titullara layiq görülmüşdür. Amma Qara Qarayevi əbədi yaşadan onun ecazkar musiqisidir. Məhz bu musiqi ilə Qara Qarayev sənətin yüksək zirvəsində qərar tutub. Nəsillər bir-birini əvəz etdikcə musiqimizin Qara Qarayev zirvəsi onlar üçün bir örnək olacaq.

Səadət Təhmirazqızı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar