Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 96-cı ildönümü münasibətilə konsert proqramları təqdim olunub.

Fevralın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dahi bəstəkarın xatirəsinə həsr olunan konsertdə Xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi. Solist Əməkdar artist Nərgiz Kərimova idi.
Proqramda Qara Qarayevin “İldırımlı yollarla” baletindən fraqment, 3 hissəli sonatina, 4 hissəli konsert, prelüd lya-major, Aleksandr Puşkinin sözlərinə yazılan iki romans (“Gürcüstanın təpələrində”, “Mən Sizi sevirdim”), Dmitri Şostakoviçin musiqiləri, Musa Mirzəyevin simli orkestr üçün 2 saylı simfoniyası səsləndirildi.
* * *
Fevralın 6-da dahi bəstəkarın anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında da konsert keçirildi. Konsert Bəstəkarlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin təşkilatçılığı ilə gerçəkləşdi.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə dünya şöhrətli bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açdı.
Qara Qarayevin böyük müəllim, yüksək intellektə sahib musiqiçi və pedaqoq olduğunu vurğuladı: “Qara Qarayev Azərbaycan musiqi tarixində silinməz iz qoyub. O, təkcə dahi bəstəkar deyildi, həmçinin dərin biliyə, səmimi ürəyə sahib bir insan idi. Hər il olduğu kimi, bu il də onun doğum günü təntənəli şəkildə qeyd olunur”.
Qara Qarayevin müəllim-tələbə münasibətlərindən bəhs edən, unudulmaz müəllimi ilə bağlı xatirələrini bölüşən Firəngiz Əlizadə bildirdi ki, o, yetirmələrinə bir dost kimi, ata kimi qayğı göstərirdi, gənclərə doğru yol göstərən böyük şəxsiyyət idi: “Konservatoriyada Qara Qarayevin mühazirələri bizim üçün əsl ustad dərsləri idi. Dünya şöhrətli bəstəkarların əsərləri ilə ilk dəfə məhz Qara Qarayevin mühazirələrində tanış olduq, ondan öyrəndik”.
Sonra söz musiqiyə verildi. Dahi bəstəkar Qara Qarayevin məşhur əsərlərindən bir neçə nümunə təqdim olundu.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri, tanınmış vokalçı Ramil Qasımovun ifasında “Dəniz neftçiləri haqqında mahnı”, Şəlalə Ələkbərovanın dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xorunun ifasında “Xoşbəxtlik mahnısı” səsləndirildi. Xalq artisti Ramiz Quliyev və Rəşidə Məmmədovanın müşayiəti ilə “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar, “Cazband” qrupunun ifasında “Yeddi gözəl” baletindən İran gözəlinin rəqsi və “Lay-lay” musiqiləri ifa olundu.

Savalan Fərəcov
Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar