Fevralın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Aida Tağızadənin 80 illik yubileyi qeyd edildi. Tədbirdə yubilyarın elmi-publisistik məqalələrindən ibarət “XX əsr Azərbaycan musiqisi” kitabının təqdimatı da oldu.

Tədbiri Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva açaraq Aida Tağızadənin həyat yolu və elmi-pedaqoji fəaliyyətindən danışdı. Qeyd olundu ki, Aida Zeynal qızı Tağızadə 1934-cü il fevralın 5-də Şuşa şəhərində dünyaya göz açıb. Alim uzun illərdir məhsuldar elmi axtarışları ilə milli musiqişünaslığa töhfələr verir, “Azərbaycan musiqi tarixi”, “Azərbaycan musiqisi müntəxəbatı” və s. kitabların, monoqrafiyaların müəllifidir.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Aida Tağızadəni yorulmaz tədqiqatçı alim və bənzərsiz müəllim kimi xarakterizə etdi. Bildirdi ki, A.Tağızadə çoxşaxəli elmi fəaliyyətində milli musiqi sənətimizi bir çox xarici ölkələrdə təbliğ edib. Alim Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və başqa böyük bəstəkarların yaradıcılığını dərindən tədqiq edib, professional ifaçılıq sənətimizə xüsusi diqqət ayırıb.
Əməkdar müəllim, professor Ülviyyə İmanova bildirdi ki, yubilyar 1958-ci ildən Bakı Musiqi Akademiyasında elmi-pedaqoji fəaliyyət göstərir. Onun görkəmli bəstəkarlarımıza həsr olunan kitabları öz məzmun və təhlil metoduna görə böyük əhəmiyyət kəsb edir.
Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə qeyd etdi ki, Aida Tağızadə geniş maraq dairəsinə malik musiqişünas olsa da, fəaliyyətinin bütün sahələri tədris, pedaqogika problemləri ilə bağlıdır.
Sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva çıxışında Aida xanımın XX əsr Azərbaycan musiqisinin ən görkəmli tədqiqatçılarından olduğunu vurğuladı. Onun “Soltan Hacıbəyov”, “Cövdət Hacıyev”, “Aqşin Əlizadə” monoqrafiyaları bu sənətkarlar haqqında ilk sanballı tədqiqatlar kimi bu gün də öz dəyərini saxlayır.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında Tağızadə ailəsi ilə uzun illər dostluq etdiklərini, Aida xanımın həyat yoldaşı akademik Tofiq Əliyevlə ilə bir çox xarici ölkələrdə səfərdə olduğunu dedi: “Mən xoşbəxt insanam ki, belə insanları tanımışam”.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Xalq artisti, bəstəkar Musa Mirzəyev və digər çıxış edənlər Aida xanımın gözəl insan, görkəmli musiqişünas olduğunu qeyd etdilər, ona möhkəm cansağlığı dilədilər.
Çıxışlardan sonra söz musiqiyə verildi. Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Alfred Şnitkenin musiqilərindən ibarət proqram maraqla qarşılandı.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar