“Qremmi” mükafatçısı Di Di Bricuoter Heydər Əliyev Mərkəzində çıxış edib

Fevralın 12-də məşhur caz ifaçısı, üç dəfə “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoter Bakıdakı Heydər Əliyev Mərkəzində solo konsert verib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə olub.
Səhnəyə çıxan ifaçı Azərbaycanın birinci xanımını salamlayıb, ölkəmizdə ilk dəfə olduğunu, paytaxt Bakının gözəlliyinə heyran qaldığını bildirib. O, Heydər Əliyev Mərkəzinin nadir arxitektura nümunəsi olduğunu qeyd edib və belə bir gözəl məkanda konsert verməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb.
Müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib.
Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.
İlk peşəkar addımlarını əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində atıb və ötən əsrin 70-ci illərində məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi ilə birgə çıxış edib. 1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak edib, özünün orkestrini yaradıb. 1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi “Əziz Ella” albomu iki “Qremmi” mükafatına layiq görülüb. Tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleonora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” adlı albomu ona üçüncü “Qremmi”ni qazandırıb.
Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. 1975-ci ildə “Viz” musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatına layiq görülüb.
Məşhur caz ifaçısının Heydər Əliyev Mərkəzində çıxışı alqışlarla qarşılanıb.
* * *
Konsertdən sonra Di Di Bricuoter Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar