Səsi, ifası, özünəməxsus xanım-xatınlığı ilə səhnəyə xüsusi bir gözəllik bəxş edən Əməkdar artist Fərqanə Qasımova fevralın 28-də Heydər Əliyev Sarayında ilk solo-konsert proqramı ilə çıxış etdi.

İndiyədək dəfələrlə görkəmli muğam ustadı, Xalq artisti Alim Qasımovla bir səhnəni paylaşan ifaçı bu dəfə də onun xeyir-duası ilə səhnəyə çıxdı. “Oxu, qızım” adlı solo-konsert bu ikilinin səsinin sehrində olanları yenə bir araya gətirdi. Sənət adamlarından məmurlara, yaşlı nəsildən gənclərədək dolu zal həyəcanla konsertin başlamasını gözləyirdi.
Konsert Fərqanənin ifasında olan “Layla” mahnısı ilə açıldı. Fonda səslənən həzin mahnının gözəl rəqs ilə müşayiət olunması gecənin möhtəşəm olacağına bir işarə idi. Musiqi parçasının ardınca səhnə açıldı, milli üslub, harmonik rənglərlə əhatə olunmuş səhnə ecazkarlığı ilə də seçilirdi.
Musiqiçilərin düzümü də maraqlı idi. Burada Şərq və Qərbin sintezinə nail olunmuş, tar, kamança, qaval kimi ənənəvi muğam alətləri ilə yanaşı, kontrabas, saksafon, royal kimi musiqi alətləri də yer almışdı.
Fərqanə konsertdə ilk muğamı Məhəmməd Füzulinin “Məni candan usandırdı” qəzəli üstündə oxudu. Daha sonra qəzəl dünyasının klassiklərinə aid əsərlərin muğam dilində, həm də yeni üslubda təqdimatı tamaşaçıların gurultulu alqışları ilə qarşılandı. Fərqanə də atası Alim Qasımov kimi özünəməxsus bir üslub təqdim etməyi bacardı. Təxminən iki saatlıq ifadan sonra ata səhnəyə çıxdı.
Qızının uğuruna sevindiyi və konsertdən əvvəl keçirdiyi həyəcan üzündə hiss olunan atanın “O qədər həyəcan keçirmişəm ki, məndə can qalmayıb” deməsi tamaşaçıların gülüş dolu alqışlarına səbəb oldu.
Alim Qasımovla qızı Fərqanə Qasımovanın gözlənilən birgə ifası da baş tutdu. Səslənən sürəkli alqış sədaları iki sənətkarın birgə ifasına tamaşaçısı rəğbətinin ifadəsi idi.
Gecənin maraqlı hissələrindən biri isə konsertin sonunda yaşandı. Sənətçilər konsertin sona çatdığını elan edərək səhnəni tərk etdilər. Pərdələrin endirilməsi başlanarkən zaldan “Alim! Alim!” sədaları yüksəldi. Görünürdü ki, tamaşaçılar muğamın sehrindən hələ çıxmaq istəmirdilər. Onlar yenidən sənətkarın səhnəyə qayıtmasını tələb edirdilər. Alim Qasımov, sözsüz ki, onu sevən tamaşaçının tələbindən çıxmadı. Yenidən səhnəyə qayıtdı. Maraqlı məqamlar bundan sonra yaşandı. Əvvəlcədən hazırlıq görülməyən ifalar nə qədər çətin olsa da, ata və qızı bu işin öhdəsindən gələ bildilər. Bu işdə Alim Qasımovun nəvələri də onlara yardımçı oldular. O, nəvələrini də səhnəyə çağıraraq bu yetirmələrini də tamaşaçılar qarşısında imtahana çıxardı. Fərqanə Qasımovanın oğlunun ifası xüsusi maraqla qarşılandı.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar