O notlarda Şəfiqə Axundovanın musiqisi səslənirdi

Həmin gün hava buludlu idi, yağış yağırdı. Yağışın damlalarında notlar pıçıldayırdı. O notlar ki, həzin pıçıltısında Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın musiqisi səslənirdi. Həmin gün sənət yolunda ilk addımlarını atan gənc musiqiçilər Xalq artisti Şəfiqə Axundovanın xatirəsini yad edəcəkdilər.

Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin kollektivi unudulmaz bəstəkarın 90 illik yubileyinə xüsusi hazırlaşmışdı. Mərasimdə sənətkarın bir-birindən gözəl bəstələri səsləndikcə yəqin müəllifin ruhu da bu bəstələrdən pərvazlanaraq salonda dolaşır, qədirbilən xalqının, yetişməkdə olan nəslin ona ehtiramının şahidi olurdu.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, paytaxtda fəaliyyət göstərən musiqi məktəblərinin direktorları, məktəbin müəllim və şagird heyəti iştirak edirdi.
Xatirə gecəsi bəstəkarın “Həyat, sən nə şirinsən” mahnısı ilə başlandı. Sonra bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Bildirildi ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəylidən dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası (B.Zeydmanın sinfi) üzrə bitirib.
1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqin ilk qadın opera müəllifi kimi sənət tarixinə düşüb. Üç yüzə yaxın mahnı və romans yazan Şəfiqə Axundova həmçinin “Ev bizim, sirr bizim” operettasının, simli kvartet üçün pyeslərin, dramatik teatr üçün musiqi əsərlərinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi bir-birindən gözəl lirik mahnılar dillər əzbərinə çevrilib. Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1998-ci ildə Xalq artisti adına layiq görülüb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Unudulmaz bəstəkar 26 iyul 2013-cü ildə vəfat edib.
Tədbirdə bəstəkara həsr edilən sənədli filmin nümayişi zalda əyləşənlərə duyğulu anlar yaşatdı. Filmdə Şəfiqə Axundova öz həyatından maraqlı faktlara işıq tutur, yaşadığı çətinlikləri dilə gətirirdi. Sənət yolunda fədakarcasına xidmət göstərən Azərbaycan xanımının keçdiyi kəşməkəşli yol gələcək nəsillərə örnək, mətanət və əzminin nümunəsidir.
Sonra Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim edildi. Konsertdə Şəfiqə Axundovanın əsərləri ilə yanaşı, digər tanınmış Azərbaycan bəstəkarlarının əsərləri də yer almışdı.
Bəstəkarın ailə üzvləri adından qohumu Təranə xanım çıxış edərək tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar