Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, dahi Qara Qarayevin yetirməsi, təcrübəli pedaqoq, musiqi tədqiqatçısı, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasovun yaradıcılığı daima musiqi ictimaiyyətinin marağına səbəb olur, geniş dinləyici auditoriyasının rəğbətini qazanır. Onun əsərləri orijinallığı, yüksək peşəkar üslubu ilə fərqlənir. Xalq musiqisindən bəhrələnən, müasir bəstəkarlıq texnikasına yaxından bələd olan, daima yeni ifadə üsulları axtaran sənətkarın hər bir əsəri maraqlı yaradıcılıq ideyalarının bədii təcəssümüdür.
Bu günlərdə Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonuna toplaşmış musiqisevərlər və həmkarları bəstəkarın yaradıcılığına həsr olunmuş müəllif konsertindən xoş təəssüratlarla ayrıldılar. Sənətkarın yaradıcılığının müxtəlif dövrlərini əhatə edən konsert proqramına əsasən kamera əsərləri daxil edilmişdi. Konsertdə bəstəkarın solo violin üçün sonata (1984), piano üçün variasiyalar (1979), 2 saylı simli kvartet (1986), solo kontrabas üçün “Münacat - I” (1992), solo marimba üçün “Münacat - III” (1998), 3 alət üçün “Meditations” (1981), fleyta və klarnet üçün “Paradeigma - 2” (2005), R.Qaracanın sözlərinə yazdığı “Ay işığında” vokal silsiləsi (1992) və s. əsərləri ifa edildi. Əsərləri təqdim edən əməkdar artistlər G.İsmayılova (vokal), F.Məmmədova (vokal), beynəlxalq müsabiqə laureatı Ü.Abbasova (violin), pianoçular L.Əliyeva, E.Kəbirlinskaya, İ.Sadıqzadə, habelə C.Cavadzadə (kontrabas), U.Məmmədxan (marimba), N.Məmmədov (fleyta), E.Bağırov (klarnet) və simli kvartetin ifaçıları K.Mayılov (I violin), N.Mustafayeva (II violin), Z.Rəcəbli (viola), A.Xəlilov (violonçel) rəngarəng tembrlərlə və ziddiyyətli obrazlarla dolğun bir musiqi mənzərəsini sərgilədilər.
Tədbirdə iştirak edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə öz çıxışında Cəlal Abbasovun musiqiyə ürəkdən bağlı bir insan olduğunu qeyd etdi, yaradıcılığını və pedaqoji fəaliyyətini yüksək qiymətləndirdi. İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova məruzə ilə çıxış edərək bəstəkarın həyat və yaradıcılığı və qazandığı nailiyyətlər haqqında geniş məlumat verdi.
Cəlal Abbasov 1957-ci il mayın 8-də Bakıda, görkəmli bəstəkar və musiqi xadimi Əşrəf Abbasovun (1920-1992) ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. Sonra Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə fakültəsinə daxil olmuşdur. Lakin musiqi bəstələməyə olan sonsuz həvəsi nəticəsində taleyini bəstəkarlıq sənətinə bağlamışdır. 1980-ci ildə konservatoriyanın bəstəkarlıq fakültəsini (akademik Qara Qarayevin sinfi), 1984-cü ildə bəstəkarlıq kafedrası nəzdində assistent-stajorluq kursunu (rəhbəri Fərəc Qarayev) bitirmişdir. Onun bəstəkar kimi püxtələşməsində müəllimləri əhəmiyyətli rol oynamışdır.
Bəstəkarın yaradıcılığında simfonik, kamera-vokal, kamera-instrumental və xor əsərləri üstünlük təşkil edir. O, dörd simfoniya, 5 kantata, simfonik orkestr üçün “Sən haradasan, Ulisses?”, xor üçün “Lacrimosa - I, II, III”, “Şən bahar” uşaq operası, orqan üçün “Postlüdiya” (Q.Qarayevin xatirəsinə), 2 simli kvartet, müxtəlif solo alətlər üçün “Minacat - I, II, III”, “Meditations”, “Paradeigma - 1, 2”, violin üçün sonata, Azərbaycan şairlərinin, habelə xarici müəlliflərin sözlərinə, qədim Orxon mətnlərinə yazılmış vokal silsilələrin, mahnı və romansların müəllifidir.
Cəlal Abbasovun əsərləri mütəmadi olaraq Bəstəkarlar İttifaqının plenum, qurultay və festivallarında ifa edilir və musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Onun hər bir əsəri həm janr və tembr müxtəlifliyi, həm yeni ifadə vasitələrinin zənginliyi, həm də dərin fəlsəfi məzmun baxımından həmişə dinləyicini düşünməyə vadar edir. Hələ gənc yaşlarından o, çalışqanlığı və parlaq istedadı sayəsində böyük uğurlar qazanmışdır. III simfoniyasına və “Bahar mərasimi” kantatasına görə Gənclər İttifaqının mükafatına layiq görülmüşdür. “Bahar mərasimi” əsərində ilk dəfə olaraq Novruz bayramının adət-ənənələri musiqi təcəssümünü tapmışdır.
Cəlal Abbasov 1998-ci ildə Qarabağın acı taleyini əks etdirən “Səni bir daha görə bilsəydim...” adlı IV simfoniyası ilə BMT-nin “Ümumdünya insan hüquqları haqqında Bəyannamə”sinin 50 illiyinə həsr olunmuş müsabiqənin qalibi olmuşdur. Bəstəkarın “Sən haradasan, Ulisses?” əsəri də xüsusi maraq doğurur. Daim səyahət edən qədim Odisseyin simvolik obrazını əks etdirən əsər dəfələrlə beynəlxalq musiqi festivallarının proqramına daxil edilmiş və xüsusi rəğbət qazanmışdır.
Qeyd etmək lazımdır ki, bəstəkarın əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, İndoneziya, Koreya, Özbəkistan, Rusiya, Ukrayna, Gürcüstan və başqa ölkələrdə müvəffəqiyyətlə ifa olunub. 2002-ci ildə Cənubi Koreyada keçirilmiş Asiya Bəstəkarları Birliyinin Forumunda (“Münacat-I” əsəri ilə), 2006-cı ildə isə “Moskovskaya osen” beynəlxalq festivalında (“Qara Qarayevin xatirəsinə Postlüdiya” ilə) postsovet məkanından yeganə müəllif olub. Onun musiqisi “Quator Gaudi” (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Studiya novoy muzıki” və “Ansambl Marka Pekarskoqo” (Rusiya), “Ensemble Reconsil Wien” (Avstriya) kimi məşhur musiqi kollektivləri, habelə görkəmli ifaçılar tərəfindən ifa olunub.
Cəlal Abbasovun bəstəkarlıqla yanaşı, Azərbaycan xalq musiqisinin toplanması və tədqiq edilməsi sahəsindəki elmi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Müxtəlif illərdə Naxçıvan, Qarabağ, Gəncə bölgələrinə təşkil edilən folklor-etnoqrafik ekspedisiyalarında iştirak edərək dəyərli musiqi nümunələri toplamış və nota salmışdır.
Bəstəkar hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirərək gənc musiqiçilər nəslinin yetişdirilməsi naminə yorulmadan çalışır. Onun tələbələri müntəzəm olaraq Bəstəkarlar İttifaqının konsertlərində iştirak edərək öz yeni əsərlərini təqdim edirlər. Cəlal Abbasov həmçinin ictimai-musiqi xadimi kimi də səmərəli fəaliyyət göstərir. Bəstəkarlar İttifaqının IX qurultayında (2012) qurumun idarə heyətinin katibi seçilən sənətkar eyni zamanda təşkilatın “Kamera musiqisi” və “Xor musiqisi” bölmələrinə rəhbərlik edir. Son illərdə onun təşəbbüsü və Firəngiz Əlizadənin rəhbərliyi ilə gerçəkləşən “Azərbaycan bəstəkarlarının əsərləri gənc ifaçıların təqdimatında” layihəsi klassik bəstəkarların əsərlərinin ifa və təbliğ edilməsi, gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, habelə yeni istedadlı ifaçıların aşkar edilməsi baxımından çox təqdirəlayiqdir.
Yüksək səviyyəli bəstəkar, təcrübəli və qayğıkeş pedaqoq bu gün də milli musiqi mədəniyyətimizin tərəqqisi naminə var qüvvəsi ilə çalışır. Ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq!
Sevda Hüseynova,
musiqişünas, Bəstəkarlar İttifaqının baş məsləhətçisi