Gənc pianoçuların Georgi Şaroyev adına birinci ümumməktəb festivalı keçirilib.
Tədbir “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Uşaq və gənclər üçün musiqi festivalı” layihəsi çərçivəsində reallaşıb.
G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbində təşkil edilən festival iki yaş qrupu üzrə keçirilib. Proqramda bir rus və bir Azərbaycan bəstəkarının əsəri ifa olunub. Münsiflər heyətinin qərarına əsasən, birinci yaş qrupunda Cəmilə Həsənova birinci, Fəraməz Dadaşov və Səbinə Eldarlı ikinci, Dilbər Kəngərli və Mehin Babayeva isə üçüncü dərəcəli diploma layiq görülüblər. İkinci yaş qrupunda isə Suada Hacızadə birinci, Gülnaz Eldarlı ikinci, Nərgiz Kazımova üçüncü dərəcəli diplom qazanıblar. Hər iki yaş qrupunda bir neçə şagird festivalın diplomantı olub.
Qaliblərə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi tərəfindən hədiyyələr verilib. Sonda laureatların iştirakı ilə konsert təqdim edilib.