Avqustun 4-də Niyazinin mənzil-muzeyində tanınmış orqan ifaçısı Cəmilə Cavadova-Spitsberq ilə görüş keçirildi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə ifaçının yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova çıxış edərək mədəniyyət ocağının ənənəvi olaraq belə tədbirlər təşkil etdiyini, indiyədək musiqinin müxtəlif sahələrində çalışan sənətkarlarla görüşlərin keçirildiyini bildirdi. Qeyd olundu ki, ilk dəfə bir orqan ifaçısı ilə belə bir görüş təşkil edilib.
Muzeyin şöbə müdiri Xanım Abdinova ifaçının yaradıcılıq yolu haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildirildi ki, Azərbaycan Dövlət Konservatoriyasını bitirən Cəmilə xanım bir çox nüfuzlu müsabiqələrə qatılıb. Hollandiyada təhsil alıb, Avropada və ABŞ-da konsert proqramları ilə çıxış edərək tanınıb. Hazırda ABŞ-ın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin dövlət universitetində professor-mühazirəçi kimi çalışır. Eyni zamanda solo və ansambl ifaçısı kimi fəaliyyət göstərir. Onun ötən ay Bakıda keçirilən konserti musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Bir neçə gün əvvəl isə ifaçının tanınmış türk vokalçısı ilə birgə konserti olub. İfaçının repertuarına Qərb bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərləri daxildir.
Sonra Cəmilə Cavadova-Spitsberqin iştirak etdiyi konsertlərdən videofraqmentlər nümayiş olundu. Görüş maraqlı diskussiya ilə davam etdi. İfaçı tədbir iştirakçılarının suallarını cavablandırdı, uzaq Amerika və Avropa musiqisinin bu günü ilə bağlı məlumatları diqqətə çatdırdı. Sonda muzey rəhbərliyi dəvəti qəbul etdiyinə görə musiqisevərlər adından ifaçıya təşəkkürünü bildirdi.
Tədbirdə Bakıda fəaliyyət göstərən muzeylərin əməkdaşları, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik musiqi həvəskarları” klubunun üzvləri, musiqi ictimaiyyəti iştirak edirdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar