Leyla Əliyevanın şeirlər kitabı nəşr olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı işıq üzü görüb.
Kitab Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur.
Topludakı şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur.
Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü “Buludlardan yuxarı” essesi ilə başlayır.
Qeyd olunur ki, ilk qələm sınaqlarından başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb. Bu kitabı şairin bəzən parlaq günəşli yaşıl düzənliklərlə, bəzən isə ildırım və şimşək çaxıntıları dolu sıldırımlı, qasırğalı yollarla irəlilədiyi yaradıcılıq xəritəsi adlandırmaq olar.

Yenə yara vuruldu,
Ruhum soluxdu gültək.
Qırıq misralarımın
İçindən düşdü ürək...


Burada müəllifin ən böyük uğuru və qələbəsi, İlahi ərazilərdə baş verən bütün hadisələri - ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın havasında, həmin təsirdə saxlamaq və kağıza köçürmək qabiliyyətidir. Bu şeirlər anlaşılmaz, dərkedilməz, dirildici bir enerji daşıyıcılığına malikdir. Burada sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən İlahi gözəlliklərinə vurğunluq kimi, qüssə də, kədər də, tənhalıq və çıxılmazlıqlar da şəfqətverici və oyandırıcıdır.
“Dünya yuxutək əriyir...” kitabının redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.