Qarabağ muğam məktəbinin tanınmış ifaçıları arasında bənzərsiz sənəti ilə yaddaşlarda yaşayan və “Zabul Qasım” kimi şöhrət qazanan Qasım Abdullayevin xüsusi yeri var. O, Şuşada, Bakıda məclislərdə, “Şərq konsertləri”ndə çıxışları ilə muğamsevərlərin qəlbini fəth etməyi bacarıb.

Qasım İbrahim oğlu Abdullayev 1873-cü ildə Şuşada dünyaya göz açıb. Tanınmış musiqişünas Firidun Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında yazdığına görə, Qasım erkən çağlardan sənət sevgisi və zəhmətkeşliyi ilə tanınıb. Daha çox xüsusi məclislərdə oxusa da, Şuşadakı “Şəmilin bağı”nda camaat arasında da tez-tez muğam və xalq mahnılarını ifa edib.
Görkəmli xanəndə İslam Abdullayev xatirələrində yazır: “1913-cü ilin səfalı yay günləri idi. İsa bulağında bir neçə məclis qurulmuşdu. Qarabağın adlı-sanlı xanəndələri dəvət olunmuşdu. Hər məclisdə bir xanəndə vardı. Məclislərin birindən Qasımın hər kəsi valeh edən xoş səsi eşidildi. O, “Zabul” oxuyurdu. Qasımın səsini eşidən bütün xanəndələr, hətta rəhmətlik Cabbar Qaryağdıoğlu belə qavalı yerə qoydu. Onun vurduğu şirin xallar və gözəl guşələr maraqla dinlənilirdi. Həmin vaxt mən Şuşa taciri Hacı Bəşirin məclisində “Rast” oxuyan xanəndə Xanlıq Şükürə qulaq asırdım... Məclisdə Hacı Bəşir “palazqulaq” bir yüzlük çıxarıb Şükürün qarşısına qoydu. Ondan acığa bir “Zabul” oxumağı xahiş etdi. Ancaq Xanlıq Şükür oxumadı və dedi:
- Ağa, Qasım olan məclisdə mən “Zabul” oxumaram".
F.Şuşinski yazır ki, “Zabul-Segah” musiqi məclislərində ən çox ifa olunan muğamlardan olub: “Məşədi Qasım bu muğamı çox gözəl ifa edib. Onun oxuduğu “Zabul” son dərəcə lirik mahiyyət daşımaqla, həddindən artıq gözəl guşə və şirin xalları ilə bütün başqa xanəndələrin oxuduqları “Zabul”dan fərqlənirdi. Buna görə də Qasımdan sonra gələn xanəndələr, xüsusilə Musa Şuşinski, Bülbül, Xan Şuşinski, Əli Cavad oğlu və Zülfü Adıgözəlov kimi peşəkar xanəndələr “Zabul” oxumaqda məhz Qasım Abdullayevi təqlid edirdilər”.
Ötən əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert verir və tamaşaçıların sonsuz rəğbətini qazanır. O, daha sonra “Tağıyev teatrı”nda verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış edir. Bu konsertdə Qasımın ifası sürəkli alqışlarla qarşılanır. “Kaspi” qəzeti “Şərq konserti” və onun ifaçıları haqqında dərc etdiyi məqalələrin birində Qasımın xanəndəliyini yüksək qiymətləndirərək yazırdı: “Konsertin birinci şöbəsində, bir neçə vaxt bundan əvvəl Şuşadan gəlmiş müğənni Qasım çıxış etdi. O, gözəl səsi ilə ”Segah” muğamını olduqca şirin oxudu...”
Zabul Qasım təkcə peşəkar xanəndə olmayıb, eyni zamanda opera artisti kimi də tanınıb. Onu ilk dəfə səhnəyə dəvət edən və istedadına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olub. O, 1913-cü il avqust ayının 7-də Şuşa yay klubunda tamaşaya qoyulan “Leyli və Məcnun” operasında Məcnunun atası rolunda çıxış edib. Onun çox professional çıxışı dinləyiciləri valeh edir. Bundan sonra Qasım Abdullayevin adı teatr tamaşalarının afişa və proqramlarında tez-tez yazılır.
Görkəmli sənətkar gündən-günə tanınır və sevilir. Çox keçmir şöhrətinin sorağı Bakının hüdudlarını aşır. “Sport-Rekord” musiqi şirkətinin dəvəti ilə (1914) Tiflis şəhərinə gedir. Qasım Abdullayev orada “Zabul-Segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur-Hindi” təsnifini oxuyur və qrammofon vala yazdırır.
Zabul Qasımı daha yaxşı tanıyan görkəmli xanəndə Seyid Şuşinski belə deyib: ”Məşədi Qasım sözün həqiqi mənasında böyük xanəndə idi. Bu adam incəsənət üçün yaranmışdı. O, həmişə tarzən Məşədi Zeynalla oxuyardı. Qasım elə bil “Zabul” muğamı ilə əkiz yaranmışdı”.
Qasım Abdullayev Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra incəsənət sahəsində çalışıb. Bütün səylərini Azərbaycan musiqisinin inkişafına həsr edib.
Görkəmli xanəndə sonralar Şuşaya qayıdır və şəhər musiqi məktəbində muğamatdan dərs deyir. İncəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışır.
O, sənətinin coşqun çağında, 1927-ci ildə, 54 yaşında dünyasını dəyişib. Xanəndənin ölüm xəbərini eşidən Cabbar Qaryağdıoğlu onun sənətkarlığını yüksək qiymətləndirib və kədərini belə dilə gətirib: “Mən Qasımın ölümünə ağlamıram, “Zabul”un ölümünə ağlayıram. Qasım ölmədi, “Zabul” öldü”!

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar