Kamran Ömərli: “İfa etdiyim hər bir əsərdə öz dəst-xəttimin olmasına çalışıram”

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi mədəni layihələr, xüsusi istedadı olan gənclərə dövlət qayğısı onların beynəlxalq müsabiqələrdə iştirakına, xaricdə təhsil almalarına geniş imkanlar açır. Bu həm də Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması deməkdir. İstedad və axtarışları ilə uğurlara imza atan gənclərimizdən biri də gənc skripkaçı Kamran Ömərlidir.

Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı olan Kamran 2012-ci ildə paytaxtımızdakı Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı onbirillik musiqi məktəbinin skripka şöbəsini fərqlənmə ilə bitirib. Gənc olmasına baxmayaraq, yüksək ifaçılıq qabiliyyəti ilə bir çox məşhur səhnələrdə ölkəmizi uğurla təmsil edib.
Sənətdə atdığı ilk addımları da maraqlı olub. Musiqi məktəbinə daxil olandan az sonra Kamran ilk dəfə dünya şöhrətli bəstəkar İ.S.Baxın kiçik əsəri ilə təhsil ocağının səhnəsində uğurlu çıxış edir. Beşinci sinifdə oxuyarkən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenicə yaranmaqda olan Azərbaycan Dövlət Gənclər Orkestrinə skripka ifaçısı kimi daxil olur. Kollektivin tərkibində dəfələrlə müxtəlif dövlət tədbirlərində iştirak edir. Solo ifaçı kimi ilk dəfə böyük səhnəyə 10 yaşında çıxan Kamran Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Xalq artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi altında İ.S.Baxın əsərlərini ifa edir. Onun qeyri-adi ifaçılıq qabiliyyəti bir çox görkəmli musiqiçiləri yaxşı mənada təəccübləndirir. 2011-ci ildə seçim turlarından müvəffəqiyyətlə keçərək yeganə təmsilçi olaraq Polşada təşkil olunan H.Venyavski adına skripkaçıların XIV beynəlxalq müsabiqəsində ölkəmizi təmsil edərək xüsusi mükafata layiq görülür. Məhz həmin müsabiqədə ilk çıxışından sonra münsiflər heyətinin üzvü, professor Zaxar Bron onu Madrid Kral Musiqi Akademiyasında rəhbərlik etdiyi skripka kafedrasında təhsil almağa dəvət edir.
Kiçik yaşlarından böyük nailiyyətlər qazanan skripkaçı dəfələrlə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində çıxışlar edib. Onun repertuarında P.İ.Çaykovski, O.Sarasate, K.Sen-Şans, N.Paqanini, H.Venyavski, Q.Qarayev, F.Əmirov, Y.Brams, R.Şuman və başqa dünya klassiklərinin əsərləri mühüm yer tutur. Kamranın səhnədəki hər bir ifası yüksək peşəkarlığı ilə seçilir, hər bir əsəri obrazlı çatdırmaq bacarığı dinləyiciyə mənəvi qida verir. Onu dinləyən tanınmış musiqi xadimləri R.Abdullayev, F.Bədəlbəyli, T.Atakişiyev, Z.Quliyeva, M.Adıgözəlzadə, S.Krılov, M.Vengerov və başqaları Kamranın perspektivli bir ifaçı olduğunu bildirirlər.
Kamran Ömərli Azərbaycan Dövlət Kamera Orkestrinin tərkibində Hollandiyada, Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak etmişdir. 2010-cu ilin aprelində “Kaunas” gənc musiqiçilərin XIX beynəlxalq festivalında xüsusi diploma layiq görülmüşdür. Festivalın təntənəli bağlanış mərasimində Litva Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor Modestas Riternasın rəhbərliyi ilə P.Çaykovskinin əsərlərini böyük məharətlə səsləndirmişdir. Konsert zamanı əfsanəvi skripkaçı və musiqiçi, dirijor Sandetski Kamranın ifasını çox bəyənmiş, ona ustad skripkası alınmasını tövsiyə etmişdir. Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə İtaliyanın Kremons şəhərindən skripka alınaraq Kamrana bağışlanıb.
Hazırda gənc skripkaçı İspaniyanın Kraliça Sofiya adına Kral Musiqi Akademiyasında təhsil alan yeganə soydaşımızdır. Ali məktəbin II kursunda əlaçı tələbələrdən biridir. Təhsil müddətində o, eyni zamanda ölkəmizdə konsert proqramları ilə çıxışlar edir, musiqisevərlərin rəğbətini qazanır. Musiqiçinin 2014-cü ilin iyulunda Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solo konsert proqramı da böyük coşqu ilə qarşılanmışdır. Həmçinin ötən il keçirilən VI Beynəlxalq Qəbələ Musiqi Festivalının təntənəli açılışında Motsartın 3 saylı konsertini ifa etmişdir.
Bu gün uzaq İspaniyada ölkəsindən aldığı maddi və mənəvi dəstək Kamranı öz üzərində daha da mükəmməl işləməyə, yeni sənət axtarışları aparmağa, yeni üfüqlər fəth etməyə səsləyir. Ötən il həm də özünü kvartetdə birinci skripkaçı kimi sınayan gənc Madriddə keçirilən kvartetlərin beynəlxalq müsabiqəsində I yeri qazanıb. Bu qalibiyyətə görə ona Şahzadə Sofiyanın xüsusi fəxri diplomu təqdim olunub.
Bu ilin mart ayı isə daha bir əlamətdar hadisə ilə skripkaçının yaradıcılıq yolunda iz buraxmışdır. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Gənc virtuozlar” XI beynəlxalq müsabiqəsinin böyük qrupunda çıxış edən həmyerlimiz II mükafata layiq görülmüşdür. Kamran həm də təntənəli qala gecəsində uğurlu ifa nümayiş etdirmişdir. Onun ifasında Sarasatenin “Qaraçı təranələri” əsəri alqışlarla qarşılanmışdır.
Professor Zaxar Bron azərbaycanlı tələbəsi haqqında yüksək fikridədir. O deyir: “Kamranla ilk tanışlığım Polşada keçirilən H.Venyavski adına skripkaçıların XVI beynəlxalq müsabiqəsi zamanı oldu. Azərbaycandan olan bu gəncin qeyri-adi və parlaq ifası məni valeh etdi. Bu səbəbdən də mən onu böyük həvəs və inamla Madrid Kral Musiqi Akademiyasına öz kafedramda təhsil almağa dəvət etdim. Elə ilk dəfə eşitdiyimdə ona necə valeh olub inanmışdımsa, bu gün də Kamran o bacarıq və ustalıqla təhsilini davam etdirir. Hazırda Kamranın yorulmadan çalışmasını ard-arda gələn uğurlarını gördükcə bir daha öz seçimimdə yanılmadığımın şahidi oluram. İnanıram ki, o, gələcəkdə yetkin bir skripkaçı olacaq. Öz istedadı və daim öz üzərində çalışması ilə mənim sevimli və diqqətimdə olan tələbələrimdən biridir”.
Sofiyada keçirilən “Gənc virtuozlar” müsabiqəsindəki uğurundan sonra təəssüratlarını bizimlə bölüşən ifaçı bildirdi ki, həmişə texniki baxımdan çətin olan irihəcmli əsərləri ifa etməyi sevir: “Səhnəyə həmişə yaşıma görə çətin olan əsərlərlə çıxmışam. Mürəkkəb texnikalı klassik əsərlər həmişə məni özünə cəlb edib. Eyni zamanda ifa etdiyim hər bir əsərdə özümün xüsusi dəst-xəttimin olmasına çalışmışam. Çox sevinirəm ki, artıq mənim adımı afişalarda oxuyanda tamaşaçı ifamı dinləmək üçün konsertlərə gəlir. Bu, məni çox sevindirir. Müsabiqədə qazandığım uğurdan da çox razıyam. Böyük qrupda II nəticə qazanmaq özü də asan iş deyil. Ölkəmizi layiqincə təmsil etməyi qarşıma məqsəd qoymuşam. Mənə elə gəlir ki, öz üzərində işləyən hər bir istedadlı gənc istəyinə çata bilər. Mənə və mənim kimi bütün gənclərə dəstək olan hər bir kəsə, xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Onu da qeyd edim ki, iyul ayında İspaniyanın Santander şəhərində keçiriləcək mötəbər müsabiqəyə və festivala dəvət almışam. Bu festivala həm ifaçı kimi qatılacaq, həm də ustad dərslərində iştirak edəcəyəm. İnanıram ki, orada da Azərbaycanı yüksək səviyyədə təmsil etməyə müvəffəq olacağam”.
Biz də gənc skripkaçıya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar