Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatının təşəbbüsü ilə Ankarada türkdilli ölkələrin Gənclər Xoru yaradılır. Kollektivdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanla yanaşı, Tatarıstan təmsilçiləri də yer alıb.
Ankaradakı məşqlərə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın gənc ifaçıları da qatılıb. Heyətə Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilla Heydərova daxildir. Xorun bədii rəhbərləri Azərbaycandan Elnarə Kərimova və Qazaxıstandan Gülmira Kuttibadamova təyin edilib.
İyunun 15-də TÜRKSOY-un baş katibliyində kollektivlə görüş keçirilib. Görüşdə çıxış edən TÜRKSOY baş katibinin müavini, professor Fırat Purtaş layihə iştirakçılarını təbrik edib, qurumun yaradıcı gənclərlə bağlı təşəbbüslərə xüsusi önəm verdiyini vurğulayıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Gənclər Xorunun yaradılmasının əhəmiyyətindən danışıb. O, daha öncə yaradılan TÜRKSOY Gənclər Kamera Orkestrinin uğurlu fəaliyyətindən, Amerika və Almaniyada çıxışlarından bəhs edərək yeni təşəbbüsün də müsbət nəticəsinin olacağına inandığını vurğulayıb.
Tanınmış xormeyster Elnarə Kərimova indiyədək TRT xoru, “Orfeon” və s. xor kollektivləri ilə işlədiyini qeyd edərək müxtəlif xalqların təmsilçilərini bir araya gətirəcək bu heyətlə çalışmağın xüsusilə həyəcanverici olduğunu deyib.
TÜRKSOY Gənclər Xorunun məşqləri iyunun 30-dək davam edəcək. 5-12 iyul tarixində kollektivin Almaniyanın Maqdeburq şəhərində 2-ci Avropa Xor Festivalına qatılması, 13-16 iyul tarixində isə “Milan EXPO-2015” dünya sərgisi çərçivəsində keçiriləcək festivalda iştirakı gözlənilir.
Qeyd edək ki, Gənclər Xorunun yaradılması ilə bağlı razılıq 2014-cü ilin noyabrında TÜRKSOY Nazirlər Şurasının Tatarıstanın Kazan şəhərində keçirilən görüşündə əldə edilib.