Avropa Oyunları ilə bağlı daha bir konsert gerçəkləşdi

Paytaxtımızdakı idman bayramı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə ölkəmizə gələn turistlər üçün hazırlanan maraqlı konsert proqramlarından daha biri iyunun 24-də gerçəkləşdi. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert izləyənlərə klassik musiqidən zövq almaq imkanı yaratdı.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə italiyalı vokalçıların ifasında məşhur operalardan parçalar təqdim olundu.
İtaliyalı Marçello Rotanın dirijorluq etdiyi konsertdə “Le Div4’s: “The Great Italy” qrupunun gözəl xanımlarının şaqraq ifasında C.Verdinin “Traviata”, J.Bizenin “Karmen” operalarından partiyalar alqışlarla qarşılandı. Cazibədar və istedadlı vokalçıların səs tembrlərinə uyğun seçilmiş musiqi parçaları - N.Rotanın “Otto e mezzo”, E. Di Kapuanın “O sole mio”, A.Bocellinin “La vie en Rose”, habelə “Besame Mucho”, “Quizas, Quizas, Quizas” kimi məşhur nümunələr sürəkli alqışlarla qarşılandı.
İtalyan qızların ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” də ecazkar alınmışdı. Yerli tamaşaçılarla yanaşı, çoxsaylı xarici qonaqların da iştirak etdiyi konsertdə ifanı sürəkli alqışlayan və israrla təkrar dinləmək istəyənlər üçün yenidən təqdim olunan xalq mahnımızla konsert sona çatdı.
Dörd soprano ifaçının yer aldığı “Le Div4’s” qrupu klassik oxuma üslubu ilə yeni bir anlayış, auditoriya üçün maraqlı seçimdir. Görkəmli bəstəkarların operalarından parçaları və bütün dünyada dillər əzbəri olan mahnıları yeni ladda oxuyan Denis, İzabella, Viktoriya və Sofiya bu formatda səhnə debütünü 2008-ci ildə ediblər. Bəstəkar Andrea Bocelli ilə işbirliyi sayəsində kvartet qısa zamanda şöhrət qazanıb.
2012-ci ildən beynəlxalq festivallara qatılıb mükafatlara layiq görülən qrup müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edib. Özlərinin müəyyən etdiyi repertuarla çıxış edən qrup səfər etdikləri hər ölkənin bir məşhur musiqisini də repertuarlarına daxil edib diqqəti cəlb etməyə çalışırlar. Məhz bu prinsipə əməl etməklə “Sarı gəlin”ə yeni çalar qatan gözəl səsli və səhnə duyumlu italyan xanımlar bakılı tamaşaçıların yaddaşında qala bildilər.

Həmidə