Xəbər verdiyimiz kimi, iyulun 1-dən 5-dək Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı - VI “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivala Azərbaycan, Türkiyə, Yaponiya və Polşanın musiqi kollektivləri qatılmışdı. Festivalın ilk iki günü Yaponiyanın “Kamiqata sumiyoşi kai” ansamblı, Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri (Adana) və Polşanın "AcCello Duo" instrumental duetinin konsertləri keçirilmişdi.

Şəki musiqiçilərinin festivala töhfəsi

İyulun 3-də Şəkidəki Yay teatrında ev sahiblərinin “Zirvə” ansamblının konserti olub. Konsertdən əvvəl məlumat verilib ki, “Zirvə” xalq instrumental ansamblı 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Ötən müddətdə kollektiv respublikamızın şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarında konsertlər verib, 1996-cı ildə Türkiyədə “Sənət və kilim” festivalında ölkəmizi təmsil edib. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir.
Konsertdə ansamblın solistlərindən Anar Həsənli, Azər İskəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova və başqalarının ifa etdikləri bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Ölkəmizin etnik zənginliyinin musiqi palitrası

Festivalın üçüncü və dördüncü günləri Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin rəngarəng konsert proqramları ilə yadda qalıb. “Yuxarı Karvansaray” mehmanxana kompleksində keçirilən konsertlər ölkəmizin etnik zənginliyinin musiqi palitrasını nümayiş etdirib.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilati dəstəyi ilə Şəki “İpək Yolu” festivalında ölkəmizdəki azsaylı xalqlar xüsusi repertuarla təmsil olunublar. Azərbaycanda 30-dan artıq azsaylı xalq və etnik qrup tarixən mehriban şəraitdə yaşayaraq mədəni və folklor ənənələrini qoruyub saxlayıblar.
İyulun 3-də keçirilən konsertdə ilk olaraq səhnəyə Azərbaycanda yaşayan kürdlərin “Şero” musiqi qrupu çıxıb. 2008-ci ildə yaranan qrup ölkəmizdə keçirilən folklor bayramlarında fəal iştirak edir.
Azsaylı xalqlardan olan tatların “Xınayaxdı” folklor kollektivinin çıxışı da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Şabran rayonunun Dağbilici kənd mədəniyyət evi nəzdində fəaliyyət göstərən kollektivin repertuarını el mərasimləri, xalq və əmək mahnıları təşkil edir.
Ölkəmizdə yaşayan tatarların Bakıda fəaliyyət göstərən “Tuqan tel” mədəniyyət mərkəzinin ansamblının çıxışı tamaşaçıların ürəyincə olub. 1996-cı ildə yaradılan ansambl Azərbaycanda və Rusiyada keçirilən bir sıra tədbirlərdə, görkəmli tatar şairlərinin xatirə gecələrində iştirak edib, diplomlara layiq görülüb.
Sonra səhnəyə Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivi (bədii rəhbər - Xəyyam Kələntərli) çıxıb. Kollektivin ifasında “Moskovskaya kadril” və “Russkaya plyasovaya” rəqsləri alqışlarla qarşılanıb.
“Suvar” ləzgi mahnı və rəqs ansamblının çıxışı da yaddaqalan olub. 1996-cı ildə Bakıda yaradılan ansambl respublika və beynəlxalq festivalların laureatıdır, 2009-cu ildə “Xalq kollektivi” adına layiq görülüb.
Gecədə Ahıska türklərinin rəqs ansamblının çıxışı da tamaşaçıların rəğbətini qazanıb.
Konsert korifey sənətkar Rəşid Behbudovun ifa etdiyi məşhur “Azərbaycan” mahnısının sədaları altında başa çatıb.

* * *
İyulun 4-də Azərbaycanda yaşayan azsaylı xalqların folklor kollektivləri festivalda daha bir konsert proqramı ilə çıxış ediblər.
Proqram Qəbələ rayonunun Nic kəndindəki udilərin “Bulaq” Mədəniyyət Mərkəzinin “Cəngi” musiqi qrupunun çıxışı ilə başlanıb.
Sonra səhnəyə Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” talış xalq folklor kollektivi çıxıb. Respublikamızda və xarici ölkələrdə keçirilən bir sıra tədbirlərin iştirakçısı olan kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə”, “Dili-dili” və digər folklor nümunələri var.
Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri festivalda üç folklor kollektivi ilə təmsil olunub. Suvagil kənd mədəniyyət evinin “Ceyranım” saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların “Əliabadım” və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Alazan” avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar. Kollektivlərə Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olunub.

Festivalın muğam konserti

İyulun 5-də Şəki xanları sarayının həyətində xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olub. Xanəndəni Əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi muğam instrumental ansamblı müşayiət edib.
Tamaşaçıların diqqətinə çatdırılıb ki, Arzu Əliyeva “Muğam-2005” televiziya müsabiqəsinin və 2009-cu ildə “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən beynəlxalq müsabiqənin diplomantıdır. 2007-ci ildə Səmərqənd şəhərində beynəlxalq festivalda uğurlu çıxışına görə UNESCO-nun diplomuna layiq görülüb. Azərbaycan Milli Konservatoriyasında təhsil alan Arzu Əliyeva hazırda Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Tarzən Sahib Paşazadə 2007, 2011, 2013 və 2015-ci illərdə Heydər Əliyev Fondunun təşkil etdiyi muğam televiziya müsabiqələrində çıxış edən instrumental qrupun rəhbəri olub. Bir sıra ölkələrdə solo və simfonik orkestrlərlə, həmçinin müşayiətçi kimi uğurla çıxış edib.
Ansamblın digər üzvləri - Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban) və Emin Cəbrayılov (nağara) da ölkəmizdə keçirilən beynəlxalq festival və müsabiqələrdə instrumental qrupun tərkibində çıxış ediblər.
Xanəndə Arzu Əliyevanın oxuduğu muğam, xalq mahnıları və təsniflər, eləcə də ansamblın ifa etdiyi el havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“İpək Yolu”nda növbəti görüşlərədək

İyulun 5-də axşam Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə 2004-cü ildə yaradılan orkestrin formalaşmasında Xalq artisti, professor Zəhra Quliyeva və professor Nəzmiyyə Abbaszadənin də xüsusi əməyi olub. Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestrinin repertuarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
Gecədə orkestrin ifa etdiyi musiqi parçaları, solistlər - Əməkdar artist Sahib Paşazadə (tar), Gülşən Eyvazova-Nəsibova (qanun), Samir Əsədov (violin) və İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri - əməkdar artistlər Fərid Əliyev və Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətlə alqışlanıb.
Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından festivalın keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.
Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın iştirakçıları və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib.
AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib.
Mərasimin sonunda layihənin bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub.