Opera və Balet Teatrının simfonik orkestri Almaniyaya növbəti səfərə gedəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Qut-İmmlinq opera sənəti festivalının (Almaniya) rəhbəri Lüdviq Baumandan teatrın simfonik orkestrinin bu festivalda iştirakı ilə bağlı rəsmi dəvət alıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, orkestr bu festivalda səkkizinci dəfə çıxış edəcək. Akademik Opera və Balet Teatrının simfonik orkestri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə avqustun 4-dən 11-dək Almaniyada səfərdə olacaq. Musiqiçilərimiz avqustun 9-da festivalın möhtəşəm qala-konsertində çıxış edəcəklər. Konsertdə Qərbi Avropa bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Polad Bülbüloğlunun əsərləri səslənəcək.
Qeyd edək ki, musiqiçilərimizin Avropanın ən mötəbər musiqi tədbirlərindən olan Qut-İmmlinq festivalında iştirakı hər dəfə böyük uğurla keçir və həm festivalın təşkilatçıları, həm də yerli media tərəfindən yüksək dəyərləndirilir.
Bavariyanın səfalı guşələrindən sayılan Qut-İmmlinq festivalında bu il Türkiyə, ABŞ, Latın Amerikası, Çin, Yaponiya da daxil olmaqla ümumilikdə 39 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, rejissor və dirijorlar iştirak edəcəklər.