Türkiyənin Ankara şəhərində yaşayan gənc istedadlı violen ifaçısı, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Elvin Xoca Qəniyev 10-22 avqust tarixində Avstriyanın Zalsburq şəhərində keçiriləcək professor Zahar Bronun ustad dərslərində iştirak edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq E.Xoca Qəniyevin bu səfəri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Kiçik yaşlarından beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edən gənc ifaçı K.Lipinski və Q.Venyavski adına gənc violen ifaçılarının XI beynəlxalq müsabiqəsinin (Polşa), P.İ.Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsinin (İsveçrə), "Klassik irs" (Rusiya), "Madrid gecələri" (İspaniya) kimi nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra E.Xoca Qəniyev Roma Papası tərəfindən ordenlə təltif olunub. Gənc musiqiçi bu ilin oktyabr ayında ABŞ-ın Nyu-York şəhərində Karneqi-hall salonunda konsert verməyə və 2016-cı ildə Polşada beynəlxalq müsabiqədə iştirak etməyə hazırlaşır.