Oktyabrın 17-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında Azərbaycanın Əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyevanın konserti olacaq. İfaçı, Rusiyanın “Orfey” radio simfonik orkestri ilə birlikdə çıxış edəcək.
Dinara Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun məşhur italyan bəstəkarı Cüzeppe Verdinin 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də Yohann Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə Dinara Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan romans və cazadək müxtəlif əsərləri ifa edir.