Layihə çərçivəsində ilk konsert oktyabrda təşkil olunacaq
Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyətinin ortaq işi olan "6 şair və 6 bəstəkar" layihəsi çərçivəsində konsert proqramları təşkil olunacaq.
Azərbaycan Bəstəkarlar İttifaqından bildiriblər ki, oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq birinci konsert proqramında iki ölkədən tanınmış ifaçılar iştirak edəcək.
Xatırladaq ki, layihə çərçivəsində Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirlərinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirlərinə musiqi bəstələyəcək. Daha sonra təqdimatı hər iki ölkədə keçiriləcək layihədə iştirak edəcək şair və bəstəkarların adlarının hələ tam məlum olmadığı bildirilib.
Qeyd edək ki, bu sahədə həyata keçəcək layihə və qarşılıqlı silsilə tədbirlər, hər iki ölkənin musiqi sahəsindəki əməkdaşlığına təkan vermək məqsədi daşıyır.