Sentyabrın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Don Kixot”un yubileyləri” adlı tədbir keçirildi. Tədbir ispan yazıçısı Migel de Servantesin məşhur romanının 400 illiyinə və dahi bəstəkar Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin 55 illiyinə həsr olunmuşdu.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq “Roman, qravürlər, kino, musiqi: Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin üzərində düşünərkən” mövzusunda məruzə ilə çıxış etdi.
Bildirdi ki, 1957-ci ildə Q.Qarayev rejissor Q.Kozintsevin “Don Kixot” filminə musiqi yazır. Daha sonra, 1960-cı ildə həmin kino musiqisi əsasında o, çoxhissəli simfonik qravürlər silsiləsi yaradır.
M.Servantesin qəhrəmanının müxtəlif dövrlərdə yaşamış bir sıra tanınmış bəstəkarlar tərəfindən yaradılan faciəli-komik portretlərindən fərqli olaraq, Q.Qarayev tərəfindən Don Kixotun lirik-psixoloji bədii yozumu müqayisə edilməz dərəcədə maraqlı yaradılıb. Əsər musiqi dili-üslubu, M.Servantes dövrünün İspaniyasını bədii şəkildə canlandırmaq baxımdan bənzərsizdir.
Tədbirdə “Don Kixot” simfonik qravürlərinin orkestr ifasından videofraqmentlər nümayiş etdirildi. Beynəlxalq müsabiqələr laureatları Ümidə Abbasova fortepianoda, Səidə Tağızadə isə skripkada simfonik qravürlərdən parçalar səsləndirdilər.
Sonda “Don Kixot” bədii filmi nümayiş etdirildi.
Savalan Fərəcov