Xəbər verdiyimiz kimi, 18-28 sentyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu il dahi bəstəkarın 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının zəngin proqramı var. Ümumilikdə festival günlərində 30-dan artıq tədbir reallaşacaq.
Festivalın açılışı və Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi sentyabrın 18-də Heydər Əliyev Sarayında keçiriləcək. Konsert proqramlarında Azərbaycanın musiqi kollektivləri və ifaçıları ilə yanaşı, Liyepaya Simfonik Orkestrinin (Latviya), Rusiya Böyük Teatrının nəfəs alətləri kvartetinin, Avropa və Aralıq Dənizi Musiqi Akademiyasının musiqiçilərinin, Gürcüstan Kamera Orkestrinin çıxışları olacaq.
Festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.