18 sentyabr - Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar, pedaqoq, publisist, dramaturq Üzeyir Hacıbəylinin doğum günü ənənəvi olaraq təntənə ilə qeyd edildi. Bu il bəstəkarın 130 illiyinə təsadüf edən Milli Musiqi Günündə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər öncə Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər görkəmli musiqi xadimlərinin məzarlarını ziyarət etdilər.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşanları təbrik edərək bildirdi ki, bu gün təkcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: "Bu gün Azərbaycan Dövlət himninin bəstəkarı, musiqimizi dünyaya tanıdan, Şərqdə ilk operanı yaradan dahi Üzeyir Hacıbəylinin 130 yaşı tamam olur. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu il də dahi bəstəkarın doğum günü bütün musiqi müəssisələrində geniş şəkildə qeyd edilir".
Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən etibarən ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirildiyini diqqətə çatdıran nazir müavini qeyd etdi ki, bu il də 18-28 sentyabr tarixində festival artıq yeddinci dəfə sənətsevərləri bir araya gətirəcək.
Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirildi.

“Güllələnmiş heykəllər” ziyarət olundu

Sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin bağında nümayiş olunan "Güllələnmiş heykəllər"i - Üzeyir Hacıbəylinin, Natəvanın və Bülbülün Şuşadan gətirilmiş büstlərini ziyarət etdilər.
Bir vaxtlar doğma şəhərlərində ucalan abidələr Şuşanın işğalından sonra Bakıda, bu məkanda qərar tutub. Abidələr önünə tər güllər düzüldü, bu böyük şəxsiyyətlərin xatirəsi bir daha ehtiramla anıldı.

Üzeyir bəy tərəfindən əsası qoyulan ənənələr davam etdirilir

Daha sonra mərasim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi.
Burada çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan mədəniyyətinin, mənəviyyatının formalaşmasında böyük rolu olan Üzeyir bəyin doğum gününün milli musiqi bayramına çevrildiyini bildirdi, bu münasibətlə keçirilən tədbirlərdən söz açdı: "Sentyabrın 18-dən 28-dək keçiriləcək Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində teatr və konsert salonlarında, muzeylərdə, musiqi məktəblərində müxtəlif tədbirlər təşkil olunacaq".


Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, o, milli bəstəkarlıq məktəbinin əsasını qoyub: "1921-ci ildə konservatoriyada Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan ənənələr bu gün də davam edir. Biz onun yolu ilə gedirik. Hazırda musiqi ifaçılarımız bütün Avropada çıxış edir, festivallarda və müsabiqələrdə uğurlar qazanırlar. Biz çox xoşbəxtik ki, belə bir dahi insan Azərbaycanda doğulub, burada yaşayıb və fəaliyyət göstərib".
Azərbaycan dövlətinin musiqi mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan danışan Fərhad Bədəlbəyli qeyd etdi ki, bunun nəticəsində Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın ənənələri yaşayır, inkişaf edir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək əlamətdar günlə bağlı öz təbriklərini çatdırdılar. Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş festivaldan söz açaraq qeyd etdilər ki, bu tədbirlər Azərbaycan musiqisinin inkişafına, dünyada tanıdılmasına xidmət edir.
Tədbirdə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri səsləndi.

Fariz Hüseynov