Azərbaycan və Türkiyə şairlərinin sözlərinə bəstələnmiş musiqilər səslənəcək
Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin (İLESAM) birgə layihəsi olan “Mahnıdan şərqiyə” adlı konsert olacaq. Ümummilli lider Heydər Əliyevin “Bir millət - iki dövlət” devizi altında keçiriləcək konsertdə türkiyəli sənətçilər Çiğdem Gürdal (vokal), Oya Ergün (vokal), Ali Burç (ritm saz), Evren Turna (kaman), Onur Akkuş (ud), Deniz Göktaş (kanun), həmçinin Şəhla Ələkbərovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun iştirakı ilə Azərbaycan və türk bəstəkarlarının mahnıları səslənəcək.
Konsert Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Elm və Ədəbiyyat Əsər Sahibləri Birliyinin “6 bəstəkar və 6 şair” adlı birgə layihəsi əsasında təşkil olunub.
Layihəyə əsasən türkiyəli altı bəstəkar Azərbaycanın xalq şairləri Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə və Zəlimxan Yaqubun şeirlərinə mahnı bəstələyiblər. Altı azərbaycanlı bəstəkar da türkiyəli şairlərin şeirlərinə musiqi yazıblar.