Novruz Gəncəlinin səmimiyyətlə yoğurulan poeziyası bu gün də oxucu qəlbinə yol tapır

Şair-dramaturq Novruz Gəncəlidən söz açılanda ilk növbədə onun səmimi duyğularla qələmə aldığı şeirlər, bir də bu şeirlərə bəstələnən şirin nəğmələr yada düşür. Yaradıcılığının alovlu çağları Böyük Vətən müharibəsi illərinə təsadüf edən müəllif qəhrəman oğul və qızlarımızın şücaətini poetik bir dillə tərənnüm edib.

Novruz İsmayıl oğlu Sadıqov 12 sentyabr 1921-ci ildə Bakıda anadan olub. Səkkiz yaşında atası vəfat edir. Novruzun böyük qardaşı Qulamhüseyn H.Z.Tağıyev adına Toxuculuq Fabrikində işə düzəlir, Novruz isə fabrikin nəzdindəki orta məktəbdə oxumağa başlayır. Az sonra Qulamhüseyn Gəncədəki fabrikdə işləməyə göndərilir. Beləliklə, 1929-cu ildə ailəliklə Gəncəyə köçürlər. O, şəhərdəki 3 saylı orta məktəbdə təhsilini davam etdirir. Ancaq 1938-ci ildə ailənin himayədarı olan qardaşı dünyasını dəyişir. Bu dəfə ailənin bütün qayğıları Novruzun üzərinə düşür. Çətinliklər onu ruhdan salmır. 1939-cu ildə ADU-nun filologiya fakültəsinə qəbul olunur.
Ona “Gəncəli” təxəllüsünü şair Əhməd Cəmil verir. Şeirləri ilə tanış olduqda ilk sözü bu olur: “Mütləq bu imza ilə çıxış et”. O, Əhməd Cəmil yadigarı kimi ömrünün sonuna qədər “Novruz Gəncəli” imzası ilə yazıb-yaradır.
Novruzun şair təbi, üslubu o vaxt respublikada tanınan və sevilən Səməd Vurğunun da diqqətini cəlb edib. Araşdırmalarda qeyd olunur ki, 1947-ci ildə Yazıçılar Birliyində keçirilən toplantıda S.Vurğun onun bir şeirini ucadan oxuyur və sonda deyir: “Ədəbiyyatımıza əsl şair gəlir”. Böyük şairin verdiyi bu xeyir-dua Novruz Gəncəlinin gələcək yaradıcılıq yollarına işıq tutur.
N.Gəncəlinin “Odlu ürəklər” adlı ilk kitabı 22 yaşı olanda çapdan çıxır. Sonrakı illərdə “Unudulmaz günlər”, “Şeirlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Üç dost”, “Könüllər açılanda”, “Unuda bilmirəm”, “Ədəbi dost” və s. şeir kitabları nəşr olunur. Müəllifin qələmə aldığı rəngarəng mövzular həmişə ədəbi tənqidin diqqətində olur, haqqında mətbuatda yazılar yayımlanır. Maraqlı yaradıcılıq yolu keçən şair “Azərbaycan gəncləri” qəzeti redaksiyasında, Azərbaycan Baş Mətbuat İdarəsində, Azərbaycan Yazıçılar Birliyində, “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalı redaksiyasında müxtəlif vəzifələrdə çalışır.
Şair yaradıcılığının coşqun çağlarında dramaturgiyaya da müraciət edir. Komediyalarından ibarət kitabı Moskvada “Sovetski pisatel” nəşriyyatında çap edilib. Əsərləri dəfələrlə Gənc Tamaşaçılar, Gəncə Dövlət Dram, Naxçıvan Musiqili Dram, Ağdam Dövlət Dram, Azərbaycan Musiqili teatrlarında səhnələşdirilib. Şairin “Ev bizim, sirr bizim”, “Məhəbbət körpüsü”, “Səadət yağış deyil” pyesləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. “Şəlalə” əsəri isə Azərbaycan dramaturgiyasında ilk elmi-fantastik pyes sayılır. Müəllifin bir çox pyesləri rus dilinə tərcümə edilib.
N.Gəncəli qələmini tərcümə sahəsində də sınayıb. C.Bayron, A.S.Puşkin və dünya ədəbiyyatının digər görkəmli nümayəndələrindən etdiyi tərcümələr milli ədəbi düşüncəmizin zənginləşməsinə töhfədir.
Poetik nümunələri qəlblər oxşayan şairin bir çox şeirlərinə görkəmli bəstəkarlarımız tərəfindən musiqilər bəstələnib. SSRİ Xalq artisti Zeynəb Xanlarovanın böyük şövqlə oxuduğu “Ananın səsi” dillər əzbəridir:

Mən anayam, bu səsimdə
Yerin-göyün dərdi var.
Sülhə gəlin, ey insanlar,
Yoxsa dünya məhv olar.

Silahları yandırın,
Ərşə qalxsın tüstüsü.
Hər obada, hər eldə
Qanad açsın "sülh" sözü!


N.Gəncəli tükənməz, coşub-daşan ilhamı ilə yurdumuzu, onun gözəlliklərini daim tərənnüm edib. Şeirlərində Gəncənin gözəllikləri, Göygölün füsunkarlığı, Arazın şəfəqləri, Təbrizin, Mərəndin sonsuz üfüqləri dil açır. Şair “Azərbaycan” şeirində milli-mənəvi sərvətimiz sayılan muğamlardan maraqla bəhs edir. Müəllifin poetik düşüncələrində nə qədər səmimi olduğu açıq-aydın görünür. Aşağıdakı fikirləri, onun böyük cəsarət və vətənpərvərliyindən xəbər verir:

Oyanar Babəklər, Qoç Koroğlular,
Çəkər qılıncını Murovla Qoşqar,
Şahdağı hayqırar, Kəpəz hayqırar...
Gözündə qalmasın xoş arzuların,
Açılsın Cənuba gedən yolların!


Vətəninə vurğun şair 19 oktyabr 1995-ci ildə vəfat edib. Ölümündən illər ötsə də, nəsillər bir-birini əvəzləsə də, onun şeirləri sevilir, sözlərinə bəstələnən mahnılar bu gün də təravətini itirmir:

Ayrı düşdük, aylar ötdü il oldu.
Sənsiz qəlbim bir çağlayan sel oldu.
Bağça saldım, qönçə açdı gül oldu,
Neyçün səni bəs unuda bilmirəm.


Bənzərsiz yaradıcılığı ilə ədəbiyyatımızı zənginləşdirən sevimli şair heç vaxt unudulmayacaq.

Savalan Fərəcov








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar