“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın qərb bölgəsinin mədəni irsi: arxeoloji tədqiqatlar və perspektivlər” adlı elmi-praktik seminar keçirilib.
Hibrid formada keçirilən seminar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Ağstafa Rayon İcra Hakimiyyəti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbir iştirakçıları əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzində qurulmuş, qoruq ərazisində aşkarlanmış maddi mədəniyyət nümunələrindən ibarət sərgi, o cümlədən fraqmentləşmiş halda aşkarlanmış artefaktların qoruq əməkdaşı tərəfindən bərpa edilməsi prosesi ilə tanış olublar.
Daha sonra “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev seminarı açıq elan edərək sözü məruzəçilərə verib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və seminara onlayn qoşulan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli iştirakçıları salamlayaraq seminarın işinə uğurlar arzu ediblər.
Qeyd olunub ki, qoruq ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrinin dəqiq yaşının müəyyənləşdirilməsi məqsədilə hazırda Türkiyədə radiokarbon analizi aparılıb. Bu proseslə məşğul olan mütəxəssis, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət Abidələri və Muzeylər Baş İdarəsinin Ərzurum Bərpa və konservasiya bölgə laboratoriyasının əməkdaşı Züleyxa Gizem Özer onlayn şəkildə seminara qoşularaq analiz işlərinin gedişi barədə məlumat verib.
Seminarda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent, qoruq ərazisində də arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparmış Bəxtiyar Cəlilov, həmin institutun aparıcı elmi işçiləri tarix üzrə fəlsəfə doktorları Yaqub Məmmədov, dosent Azad Zeynalov, Bakı Dövlət Universiteti Qazax filialının əməkdaşı filologiya elmləri doktoru Valeh Nəsibov, filialın baş müəllimi İndira Səmədova məruzə ilə çıxış ediblər. Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov onlayn şəkildə seminara qoşularaq məruzə edib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların elmi işçiləri də seminara onlayn formatda qoşularaq məruzələri dinləyib və suallarını ünvanlayıblar.