25 oktyabr - 3 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə növbəti beynəlxalq caz festivalı keçiriləcək. Ənənəvi olaraq məşhur musiqiçilərin qatıldığı festivalda yenə caz dünyasının tanınmış simaları şəhərimizin qonağı olacaqlar.
Festivalın açılışı oktyabrın 25-də Heydər Əliyev Sarayında olacaq. İlk konsertdə Diana Krall (Kanada) çıxış edəcək. Ayın 26-da Beynəlxalq Muğam Mərkəzində Salman Qəmbərov və qrupu çıxış edəcək.
27 oktyabr tarixində Heydər Əliyev Sarayında bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan hesab olunan əfsanəvi “Four Play” kvartetinin konserti olacaq.
Ayın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında Cəmil Əmirov və qrupunun konserti olacaq.
Festival çərçivəsində Heydər Əliyev Sarayında daha bir konsert 30 oktyabrda 60-cı illərin ulduzu, saksofon ifaçısı Çarlz Lloydun iştirakı ilə keçiriləcək.
Ayın 31-də isə Azərbaycan Dövlət Filarmoniyasında Emil Əfrasiyab öz qrupu ilə çıxış edəcək.
Festivalda həmçinin Kamerun əsilli Niderland musiqiçisi Ntjam Rosie, Elçin Şirinov, R.Behbudov adına Mahnı Teatrının estrada simfonik orkestri caz həvəskarlarına maraqlı konsert proqramları təqdim edəcəklər.