Noyabrın 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş altı yeni dərs vəsaitinin təqdimatı keçirilib. Mərasim Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin 130 və akademiyanın eksperimental məktəb-studiyasının 35 illiyinə həsr olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək nəşrlərin əhəmiyyətindən söz açıb. Bildirilib ki, dərs vəsaitlərinin elmi redaktorları Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və akademiyanın məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.
Əvvəlcə “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı proqramı” tədris vəsaiti təqdim olunub. Proqramın əsas mahiyyətini böyüməkdə olan gənc nəslin milli musiqi gen yaddaşının bərpası və bu baxımdan daha da formalaşması təşkil edir. Sonra Azərbaycan ladlarının tədrisinə dair Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” traktatının Tərlan Seyidov tərəfindən adaptasiya olunmuş dərs vəsaiti və ikicildlik “Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat” kitabı təqdim edilib. Növbəti təqdimatda akademiyanın dosenti, Əməkdar müəllim Lalə Dadaşovanın tərtib etdiyi I-XI sinif şagirdləri üçün “Solfecio” (birsəslilik) fənni üzrə ilk universal dərs vəsaiti yer alıb. Burada dünya musiqi klassikası ilə yanaşı, Azərbaycan bəstəkarlarının yaradıcılığı və xalq musiqi nümunələri geniş şərh edilir.
Təqdim olunan sonuncu dərs vəsaiti Xalq artisti Fərhad Bədəlbəylinin redaktəsi ilə işıq üzü görən “Cahangir Qarayevin fortepiano üçün sonatası” kitabıdır. Sonatanın itirilmiş əlyazmasının surəti Tərlan Seyidov tərəfindən bərpa olunaraq nəşr edilib.
Bu istiqamətdə görülən işlər mədəniyyət və incəsənət xadimləri tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə məktəb-studiyanın şagirdlərinin ifasında musiqi nömrələri səslənib.